Yuxarı
    Bağlamaq

    Hanoyda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası keçiriləcək

    İki ölkənin enerji sektorunda əməkdaşlığı uzunmüddətli və strateji baxımdan prioritet sayılır© Report.az

    Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 16-da Hanoy şəhərində (Vyetnam) Azərbaycan-Vyetnam iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının ilk iclası keçiriləcək. 

    Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri energetika naziri Natiq Əliyev, Vyetnam tərəfindən isə sənaye və ticarət naziri Tran Tuan Anhdır.

    İclasda Azərbaycan və Vyetnamın sosial-iqtisadi inkişafı barədə qarşılıqlı məlumatlar diqqətə çatdırılacaq. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək. İkitərəfli əməkdaşlığın inkişaf istiqamətləri kimi enerji, ticarət, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, hüquq və məhkəmə, mədəniyyət, turizm, idman və gənclər sahəsində yeni təkliflər nəzərdən keçiriləcək. Mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün müvafiq razılıqların əldə edilməsi məsələlərinə baxılacaq.

    Vyetnam tərəfinin təqdim etdiyi statistik məlumatlara əsasən, 2016-ci ilin birinci yarısında, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 51,9 mln. ABŞ dolları olub. Azərbaycana 4,5 mln. dollar həcmində ixrac əməliyyatı həyata keçirilib. Həmçinin, Azərbaycandan 47,3 mln. dollar həcmində idxal əməliyyatları aparılıb.

    İki ölkənin enerji sektorunda əməkdaşlığı uzunmüddətli və strateji baxımdan prioritet sayılır. Qeyd edək ki, 2015-ci ildə "Petrovietnam" Neft-Qaz Korporasiyası ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

    Vyetnam neft emalı sektorunun genişləndirilməsi və modernləşdirilməsində Azərbaycanın iştirakına, Xəzərdə neft yataqlarının kəşfiyyatı və işlənməsinə, neft-qaz sahəsində kadrların hazırlanmasında təcrübənin mənimsənilməsinə, eləcə də xam neft, təbii qaz və neft məhsullarının ticarəti ilə bağlı müştərək layihələrin həyata keçirilməsinə maraq göstərir. Bununla yanaşı, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsi planlaşdırılır. Bütün bu məsələlərin Komissiyanın iclasında müzakirəsi və həmsədrlərin Azərbaycan və Vyetnam arasında Hökumətlərarası Komissiyanın I iclasının yekun protokolunu imzalaması nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi