Yuxarı

Gürcüstanın energetika naziri: "Biz SOCAR-la işləyəcəyik" - YENİLƏNİB

Qonşu ölkə qazlaşdırma və digər məsələləri SOCAR-la həll edəcək

İlk xəbər saat 12:36-da verilib

Marneuli. 3 sentyabr. REPORT.AZ/ Gürcüstan hökuməti ölkənin qazlaşdırılması və digər məsələləri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə həyata keçirəcək. 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qonşu ölkənin energetika naziri Kaxa Kaladze deyib.

Bu məsələdə Rusiya və digər dövlətlərlə aparılan danışıqlara gəlincə isə nazir bildirib ki, bu məsələlər artıq həllini tapıb: "Biz SOCAR-la işləyirik və məsələ bağlanıb".

K.Kaladze onu da deyib ki, iki ölkə arasında əlaqələr inkişaf edir: "Bu günlərdə biz Bakıda səfərdə olduq, çox səmərəli görüşlər keçirdik. Bu gün burada yeni qazpaylayıcı məntəqəsinin açılışını edirik. Gürcüstan əhalisinin təbii qazla təminatına Azərbaycan hökuməti yaxından kömək edir. Buna görə Azərbaycan prezidentinə minnətdarıq".

Marneuli rayonunun Qırıxlı kəndində keçirilən qazpaylayıcı məntəqəsinin açılış mərasımınə qatılan SOCAR prezidenti Rövnəq Abdullayev isə Prezident İlham Əliyevin salamlarını çatdırıb və deyib ki, SOCAR Azərbaycanda olduğu kimi Gürcüstanda da qazlaşdırma işlərini uğurla davam etdirir: "İlin sonuna kimi daha 40 min abunəçi qazla təmin olunacaq. SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcək".

Sonra rəsmilər Qırıxlı kəndinin sakinləri ilə görüşüb, onları narahat edən problemlərlə maraqlanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi