Kaxa Kaladze: “Gürcüstanda yeraltı qaz anbarının tikintisi ilə bağlı tenderin nəticələri yaxın günlərdə açıqlanacaq”

Kaxa Kaladze: “Gürcüstanda yeraltı qaz anbarının tikintisi ilə bağlı tenderin nəticələri yaxın günlərdə açıqlanacaq” Baş nazirinin müavini: "Tikinti işlərinə sentyabr ayından başlanılması nəzərdə tutulub"
Energetika
10 İyun , 2016 13:40
Kaxa Kaladze: “Gürcüstanda yeraltı qaz anbarının tikintisi ilə bağlı tenderin nəticələri yaxın günlərdə açıqlanacaq”

Tbilisi. 10 iyun. REPORT. AZ/ "Gürcüstanda yeraltı qaz anbarının tikintisi ilə əlaqədar elan olunan tenderin nəticələri yaxın günlərdə açıqlanacaq".

Bunu "Report"un Gürcüstan bürosunun əməkdaşına müsahibəsində Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib. 

K.Kaladzenin sözlərinə görə, tenderin nəticələri yaxın günlərdə elan olunacaq, tikinti işlərinə isə sentyabr ayından başlanılması nəzərdə tutulub: "Hazırda anbarın tikiləcəyi ərazidə son təhqiqat və araşdırma işləri aparılır. İşlər başa çatmaq üzrədir".

Nazir bildirib ki, anbarın tikintisində bir neçə ölkənin şirkətləri, eləcə də, Azərbaycanın SOCAR şirkəti iştirak etmək niyyətindədir: “SOCAR ümumiyyətlə bu işlərdə birbaşa tərəfdaş kimi iştirak etmək niyyətindədir. Biz bunu yüksək qiymətləndiririk. Amma hər şey tenderin nəticələrindən sonra məlum olacaq”.

O qeyd edib ki, Gürcüstanda inşa olunacaq anbar Azərbaycanın təbii qazı hesabına doldurulacaq: "Bu anbar Gürcüstanın təbii qaza olan tələbatının ödənməsində mühüm rol oynayacaq".

Qeyd edək ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da ölkənin təbii qaza olan tələbatının ödənməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın “Jeostik” kompaniyası hazırlayıb. Anbarda 210-280 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15 faizini təşkil edəcək.

Yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək.

Son xəbərlər

Orphus sistemi