Gürcüstanda fəaliyyət göstərən “Magi LTD” laboratoriyasının saxtakarlığı üzə çıxıb

Gürcüstanda fəaliyyət göstərən “Magi LTD” laboratoriyasının saxtakarlığı üzə çıxıb Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanda satılan dizel yanacağının keyfiyyətinə görə avtomobillərin mühərriklərində problem yaranması ilə bağlı yerli servis mərkəzlərinə müraciətlər daxil olmayıb.
Energetika
149
17 Dekabr , 2018 18:02
Gürcüstanda fəaliyyət göstərən “Magi LTD” laboratoriyasının saxtakarlığı üzə çıxıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanda satılan dizel yanacağının keyfiyyətinə görə avtomobillərin mühərriklərində problem yaranması ilə bağlı yerli servis mərkəzlərinə müraciətlər daxil olmayıb.

Bu barədə "Report"a xarici avtomobillərin Azərbaycandakı rəsmi dilerlərindən bildirilib.

Məsələn, Yaponiyanın məşhur avtomobil istehsalçısı “Toyota”nın Azərbaycanda rəsmi nümayəndəliyi - “Toyota Bakı Mərkəzi”nin PR meneceri Eldəniz Cəfərov "Report"a bildirib ki, təmsil etdiyi şirkətə dizel mühərrikli “Land Cruiser 200”, “Prado” markalı avtomobillər hələ də sifariş edilir: "Əgər dizel yanacağının keyfiyyəti ilə bağlı problem olsaydı, bu sifarişlər də olmazdı. Problem yaşanmadığına görə tələbat da var". 

Çinin avtomobil brendlərinin Azərbaycanda rəsmi dileri olan “Sirena Motors” şirkətinin marketinq meneceri Əyyub Əliyev də "Report"a bildirib ki, dizel yanacağının keyfiyyətinin aşağı olması və avtomobillərin mühərrikində problem yaranması ilə bağlı onlara müraciət daxil olmayıb. 

Bundan başqa, “Mercedes-Benz Azerbaijan” şirkətindən dizel yanacağının keyfiyyətsizliyinə görə hər hansı şikayətin olmadığı bildirilib. 

Qeyd edək ki, Azərbaycanda dizel yanacağı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCARHeydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir və ölkədə bu yanacağa tələbat yüksəkdir. Bu ilin yanvar-noyabr aylarında ölkədə 1,766  mln. ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur. 2018-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycanda 951,6 min ton dizel yanacağı istehlak edilib ki, bu da illik müqayisədə 1,5% artım deməkdir.  

İndiyə qədər yanacağın keyfiyyətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlayaraq müvafiq rəylər verib. Bu ilin aprel ayında Prezident İlham Əliyevin sərəncamı ilə Komitə ləğv edilib, onun səlahiyyətləri isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bazasında yaradılmış Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib. Lakin Nazirlər Kabineti yeni Agentliyin əsasnaməsini hələlik təsdiq etmədiyindən yeni qurumun strukturu formalaşdırılmayıb və müvafiq səlahiyyətlər ona keçməyib. Odur ki, Agentlik dizel yanacağının keyfiyyəti məsələsində hələ ki, susur. 

Dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma şirkətlərindən olan İsveçrənin SGS şirkətinin Azərbaycandakı nümayəndəliyi - “SGS-Azeri LTD”nin əməliyyat koordinatoru Zöhrab Ağayev isə "Report"a bildirib ki, sifarişlər əsasında yanacağın keyfiyyəti ilə bağlı müxtəlif yoxlamalar, analizlər aparılır. İndiyə qədər hər hansı problem aşkar edilməyib. 

“Yoxlamalar çoxlu parametrlər üzrə aparılır. Bu, sifarişlərdən asılıdır. Məsələn, bəzi şirkətlər benzinin və dizelin tərkibində kükürdün, qurğuşunun miqdarını, oktan ədədinin yoxlanılmasını istəyir. Analizlərimizə əsasən, hər hansı uyğunsuzluq, keyfiyyətin aşağı olması halları aşkarlanmayıb. Müxtəlif parametrlər üzrə apardığımız analizlər göstərib ki, hər bir parametr Azərbaycandakı müəyyənləşən standarta cavab verir”, - deyə Z.Ağayev qeyd edib. 

"Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) benzinin və dizel yanacağının keyfiyyətini yoxlayan ölkənin Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Ətraf Mühitə Nəzarət Departamenti isə eyni işlə məşğul olduğu iddia edilən “Magi LTD” laboratoriyası barədə məlumatlı deyil və onu tanımır".

Bunu isə "Report"un Gürcüstan bürosuna adı çəkilən Departamentdən SOCAR-ın satdığı dizel yanacağının keyfiyyətinin Avropa standartlarından aşağı olması barədə iddialara münasibət bildirərkən deyiblər.

Xatırladaq ki, Gürcüstanda bir qrup şəxs tərəfindən Azərbaycanda istifadə edilən dizel yanacağının keyfiyyətinin yoxlanılması ilə bağlı laborator araşdırma aparılıb və dizel keyfiyyətinin dünyanın digər ölkələri ilə müqayisədə guya 20 dəfə aşağı olduğu aşkarlanıb. Bu laboratoriya ilə bağlı Gürcüstanın tənzimləyici qurumuna sorğu verilib. 

Qeyd edək ki, bu ayın əvvəlində qurumun əməkdaşları bütün ölkə üzrə yerləşən YDM-lərdən 240 nümunə götürüb. Yoxlama öncədən xəbərdarlıq edilmədən aparılır, nümunələrin tədqiqini isə beynəlxalq akkreditasiyası olan laboratoriyalar həyata keçirəcək. Tədqiqatların nəticələri YDM-lərdəki benzində qurğuşunun səviyyəsinin Gürcüstan qanunvericiliyi ilə müəyyən olunmuş normalara nə qədər uyğun olub-olmadığını müəyyən edəcək.

Son xəbərlər

Orphus sistemi