​“Günəşli” yatağında uzun müddət istismar olunan obyektlərdə növbəli şəkildə əsaslı təmir aparılacaq

​“Günəşli” yatağında uzun müddət istismar olunan obyektlərdə növbəli şəkildə əsaslı təmir aparılacaq İlin sonuna kimi “Günəşli” yatağında 7, “Çilov” yatağında isə 4 quyunun qazılaraq istismara verilməsi nəzərdə tutulub
Energetika
12 Avqust , 2016 17:17
​“Günəşli” yatağında uzun müddət istismar olunan obyektlərdə növbəli şəkildə əsaslı təmir aparılacaq

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində 2016-cı ilin birinci yarısı üzrə göstəriciləri və qarşıda duran vəzifələri müzakirə etmək, eləcə də istehsalat sahələrində görülmüş işlərlə yaxından tanış olmaq məqsədilə Birliyin rəhbərliyinin iştirakı ilə neft və qazçıxarma idarələrində səyyar müşavirələrə start verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Birliyin “28 May”, “Neft Daşları” və N.Nərimanov adına neft və qazçıxarma idarələrində keçirilən müşavirələr zamanı hasilat sahəsində əldə olunmuş nailiyyətlər barədə hesabatlar verilib, əsas texniki-iqtisadi göstəricilər, yataqların cari vəziyyəti, həyata keçirilən qazma əməliyyatları, əməyin mühafizəsi, yeni texnika və texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi, gənc kadrların yetişdirilməsi sahələrində görülmüş işlərdən bəhs edilib.

“28 May” NQÇİ-də keçirilmiş müşavirədə Birliyin baş direktoru Daşqın İskəndərov ölkə üzrə hasilatda ən böyük paya sahib İdarədə görülən tədbirlərdən danışıb, istismara verilmiş qaz kompressor stansiyalarından səmərəli istifadə olunmasının önəmini qeyd edib, quyu fondu üzərində daha ətraflı tədqiqat işlərinin aparılması, “Günəşli” yatağında uzun müddət istismar olunan obyektlərdə növbəli şəkildə əsaslı təmir aparılması qərara alınıb. Bildirilib ki, ilin sonuna kimi “Günəşli” yatağında 7, “Çilov” yatağında isə 4 quyunun qazılaraq istismara verilməsi nəzərdə tutulub, cari ildə 3 quyu fəaliyyətsiz fonddan istismar fonduna qaytarılıb, 6 yeni obyekt tikilərək istifadəyə verilib. 17 obyektdə isə tikinti işləri davam etdirilir.

“Neft Daşları” NQÇİ-də keçirilmiş müşavirədə İdarənin hesabatı dinlənilib, tətbiq olunan yeni texnika və texnologiyaların istifadəsi nəticəsində alınmış səmərə müzakirə edilib. Qeyd olunub ki, son 5 il ərzində yataqda quyu fondunun 1/3 hisəssi yenilənib. Hasilat tempinin düşməsinə imkan vermədən hidrotexniki qurğuların mərhələli şəkildə əsaslı təmir olunması və bunun üçün qabaqlayıcı tədbirlər planının hazırlanması barədə NQÇİ-yə tapşırıqlar verilib. Qeyd olunub ki, “Neft Daşları” NQÇİ-də 713 metr estakada, 2663 kvadratmetr meydança sahəsi təmir olunub, ilin əvvəlindən indiyə kimi 9 yeni quyu istismara təhvil verilib.

N.Nərimanov adına NQÇİ-nin də hesabatı dinlənilib, qarşıya qoyulmuş planın 101% yerinə yetirildiyi bildirilib. Qeyd olunub ki, son bir neçə ildə İdarədə 19 özül əsaslı şəkildə təmir olunaraq istismara verilib. 2016-cı ildə 5 yeni obyekt istismara verilib, ilin sonuna kimi daha 7 obyektin təhvil veriləcəyi nəzərdə tutulur. Quyu fondunun yenidən təhlil edilməsinin, təmirlərarası müddətlərin azaldılması barədə səylər göstərilməsinin, eləcə də xərclərin optimallaşdırılmasının vacibliyi vurğulanıb. Birlik üzrə əsas texniki-iqtisadi göstəricilərin yerinə yetirilməsinə baxmayaraq, məhsuldarlığın artırılması istiqamətində böyük potensialın olduğu, bunun üçün qarşıda daha böyük vəzifələrin dayandığı bildirilib.

Silsilə müşavirələrin qrafikə uyğun olaraq digər idarələrdə də keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi