Yuxarı

Günəş enerjisindən istifadə: Ostin modeli - İCMAL

Günəş enerjisindən istifadə: Oustin modeli

Bu gün dünyada bərpa olunan enerji mənbələrindən istifadə sürətlə artmaqdadır. Enerji balansında alternativ enerji mənbələrinin payının artması bir çox ölkə üçün vacib hədəflərdəndir. ABŞ-da da vəziyyət fərqli deyil. Təmiz enerji sənayesi ABŞ-da həm də ən böyük işəgötürənə çevrilib. E2 ətraf mühit sahibkarlarının hesabatına görə, 3,3 mln. amerikalı bərpa olunan enerji sahəsində çalışır. Təmiz enerji sahəsində məşğulluq 2018-ci ildə 3,6% artıb, bu il isə 6% artım gözlənilir.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının hesabatına əsasən, Texas ştatı elektrik sektorunda dekarbonizasiya üzrə liderdir. Texas ABŞ-ın ən böyük ixrac gücü olan ştatıdır və ştatların ümumi ixracının 20%-i bu ərazinin payına düşür. Texas ştatı neft-qaz hasilatı üzrə formalaşsa da, ABŞ-ın bərpa olunan enerji mənbələrinin əsas mərkəzlərindən sayılır. Bu ştat ABŞ-ın generasiya gücünə ən çox bərpa olunan enerji mənbələri əlavə edən ərazidir və təxminən, 25 qiqavat generasiya gücü ilə külək enerjisində liderdir.

Günəş enerjisindən xüsusi istifadə metodu

Texasın paytaxtı Ostin şəhərində isə bərpa olunan enerjidən xüsusi istifadə metodu var. Burada əhali istehlak etdikləri enerjini özləri istehsal edir, hətta sata da bilir, istehlak etdikləri elektrik enerjisi və suyun istifadəsinə nəzarət edirlər. Şəhərdə xüsusi saxlama anbarları sayəsində elektrik enerjisinin az istifadə olunduğu saatlarda istehsal olunan enerji yığılır və pik saatlarda istifadə olunur. Yəni günəş olmayan vaxtda belə günəş enerjisindən istifadə etmək mümkündür.

Şəhərin günəş enerjisinin formalaşmasında isə yerli hökumətin təşəbbüsü və investorların dəstəyi böyük rol oynayır. Bu işdə Texasın ikinci ən böyük bələdiyyə müəssisəsi olan “Austin Energy”nin böyük payı var. Yerli orqan Ostin şəhərinin və ətraf ərazilərin 50%-nə xidmət edir.

Ostin bələdiyyəsinin mülkiyyəti olan “Austin Energy” 480 mindən çox müştəriyə xidmət göstərir. "Austin Energy" paytaxt və ətrafda 437 kvadrat mil xidmət ərazisini əhatə edir. Yerli hökumət 2027-ci ilə şəhərin enerji istehlakında bərpa olunan enerji mənbələrinin payını 65%-ə çatdırmağı planlaşdırır. “Austin Energy”nin 2027-ci il üçün hədəflərinə, həmçinin enerji effektivliyindən 1000 meqavatt qənaət etmək və tələbatı təmin etmək daxildir.

“Austin Energy” bərpa olunan enerji mənbələrinin istehsalının hava şərtlərindən asılı olmasına görə istehsalın daha çətin və baha olmasını nəzərə alaraq zamanla xərclərin istehlakçılara təsirini azaltmaq üçün aktiv və strateji portfel yaradıb.

Günəş enerjisi, enerji anbarı və müasir texnologiyalar

Bu üç birləşmə Ostin şəhərinin bərpa olunan enerjidən istifadəni 65%-ə çatdırmaq hədəfini dəstəkləyən layihələrindən biri "Austin SHINES” (Enerji saxlama və günəş panellərinin davamlı və vahid inteqrasiyası) layihəsini tamamlayır. “Austin SHINES” ABŞ-ın Enerji Departamenti və Ətraf Mühitin keyfiyyəti üzrə Texas Komissiyası tərəfindən maliyyələşdirilir.

Bu layihə elektrik enerjisinin istehsal, çatdırma və istehlakını təkmilləşdirir. SHINES günəş enerjisi, enerji saxlama, ağıllı çeviricilər, proqnozlaşdırma vasitələri, bazar siqnalları, üstün kommunikasiyalar və proqram optimallaşdırma platformasını birləşdirir.

“Austin SHINES” layihəsinə 1,5-3 MVt/saat olan iki litium-ion batareya sistemi, yaşayış və kommersiya obyektlərində enerji saxlama sistemləri, evlərin damında günəş panelləri, nəqliyyat vasitəsindən şəbəkəyə komponenti, üstün kommunikasiya və proqram təminatının optimallaşdırılması platforması daxildir.

Saxlama anbarları enerji tələbatının 24 saat, günəş enerjisinin isə ancaq gündüzlər olduğu nəzərə alınaraq yaradılıb. Belə anbarlara sahib olmaqla günün daha az istehlak olunan vaxtındə elektrik enerjisini istehsal edib, daha çox tələb olunan və günəşin olmadığı vaxt istehlak etmək mümkündür. Yəni “Austin Energy”nin bu layihəsi günəş olmayanda belə onun enerjisindən istifadəni mümkün edir. Layihə yaşayış, kommersiya və şəbəkə səviyyəsində enerji saxlama sistemlərinə birləşməni əhatə edir.

Belə ki, “Austin SHINES”in iki lition-ion batareya sistemi- enerji saxlama anbarı var. Bunlardan biri -1,5-3 MVt/saat gücündə batareya sistemi La Loma icmasının günəş enerjisi ərazisində, digəri 1,5-3,2 MVt/saat gücündə olan litium-ion batareyası Ostinin şərqində Muellerdə yerləşdirilib. “Austin SHINES” layihəsinin bir hissəsi olaraq yaşayış və kommersiya binalarının da günəş enerjisi massivlərinə qoşulmaq üçün fərdi olaraq enerji saxlama sistemləri var.

“Austin SHINES”in layihə meneceri Liza Martin bildirib ki, əsas iş inamlı enerji təminatçısı, platforması və tərəfdaşı olmaqla müştərilər və ictimaiyyətin yaşayışını zənginləşdirməkdir.

15 il dəyişməz qiymətə elektrik enerjisi

Ostinin bərpa olunan enerjidən istifadədə xüsusi rol oynayan layihələrindən biri La Loma icması günəş enerjisi layihəsidir. Şəhərin şərq hissəsində yerləşən bu ərazidə aşağı gəlirli əhali yaşayır və Texasda ilk dəfə olaraq onlar üçün icma günəş enerjisi aşağı qiymətə təklif edilir.

La Loma günəş enerjisi layihəsi 2,6 MVt alternativ cərəyan günəş batareyaları sistemidir. Layihə 2018-ci ilin mart ayında istifadəyə verilib. Burada 9 054 günəş paneli inşa edilib ki, 2,6 MVt elektrik enerjisi istehsal etməklə 400 evi təmin edə bilər.

İstehsal olunan enerjinin yarısı aşağı gəlirli istehlakçılar üçün nəzərdə tutulub. Qiymət 15 il müddətinə dəyişməz qalır. Burada həm də sahibkarlarla əməkdaşlıq yer alır. Belə ki, günəş enerjisi layihələrini inşa edən, idarə edən “PowerFin Partners” şirkəti əmlakın bir hissəsini icarəyə verir və 25 illik alqı-satqı müqaviləsi çərçivəsində enerjini “Austin Energy”yə satır. “Austin Energy” isə elektrik enerjisini 15 il müddətinə bərpa olunan enerjini dəyişməz qiymətə alan günəş proqramı abunəçilərinə satır. Hətta əgər gələcəkdə “Austin Energy”nin qiymətləri artarsa, La Lomada istehlakçılar dəyişməz qiymətə enerjini ala biləcəklər.

La Loma icma günəş enerjisi layihəsi “Austin SHINES” layihəsi vasitəsilə kommunal miqyaslı enerji saxlama sistemi ilə birləşdirilib. La Lomanın Ostin elektrik şəbəkəsinə qoşulduğu yerdə- Kingsbery yarımstansiyasının içərisində 1,5 MVt batareya yerləşdirilib. Batareyanın təxminən 300 ev üçün iki saata qədər kifayət edəcək enerji saxlama gücü var. Həm icma günəş enerjisi layihəsi, həm də batareya qutusu “Austin Energy” tərəfindən monitorinq olunur.

Su və elektrik enerjisi istehlakına yanaşma

Ostinin enerji strategiyasının vacib hissəsindən biri isə “Pecan Street- Mueller” layihəsidir. Əsas mərkəzi Texas Universitetində yerləşən “Pecan Street” tədqiqat və inkişaf təşkilatıdır. “Pecan Street” üstün enerji idarəetmə sistemləri ilə texnologiyaları, biznes modeli və istehlakçıların davranışını inkişaf etdirir və sınaqdan keçirir. 250-dən çox əmlakın günəş paneli olan Mueller əhalisi üçün “Pecan Street” elektrik enerjisi xərcini azaltmağa imkan verən həllər təqdim edir. Vətəndaşlar könüllü olaraq elektrik enerjisi və sudan istifadəyə nəzarət etməklə enerji və su istehlakına davranışı dəyişdirir. Belə ki, iştirakçıların evlərindəki elektrik enerjisi və su istehlakı barədə məlumatlar “Pecan Street”in məlumat mərkəzinə daxil olur. Hər hansı su sızması yaxud artıq enerji istehlakı olduqda telefonlara mesaj göndərilir. Bu yolla yerli əhali qənaət edə bilir.

Beləliklə, yerli hökumətin təşəbbüsü, özəl investorların dəstəyi, istehlakı analiz edən qurumların və yerli əhalinin birgə işi Ostin şəhərinin günəş enerjisi layhəsini təşkil edir və əhali daha aşağı qiymətə təmiz enerji istifadə edir, istehlakına nəzarət həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi