Gələn il “Dayazsulu Abşeron"da kəşfiyyat qazma işlərinə başlanması planlaşdırılır

Gələn il “Dayazsulu Abşeron"da kəşfiyyat qazma işlərinə başlanması planlaşdırılır
Energetika
7 May , 2018 14:50
Gələn il “Dayazsulu Abşeronda kəşfiyyat qazma işlərinə başlanması planlaşdırılır

Bakı. 7 may. REPORT.AZ/ 2019-cu ilin əvvəlində Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə kəşfiyyat qazma işlərinə başlanması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, hazırda qazma işlərinə başlamaq üçün hazırlıqlar görülür.

B.Aslanbəyli qeyd edib ki, bu sahədə ümumilikdə 3 kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Bu saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons fevral ayında jurnalistlərə bildirib ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir.

BP-nin regional prezidenti qeyd edib ki, əgər ehtiyatlar aşkarlanarsa, ərazi dayaz olduğundan hasilata tez başlanılacaq.