Gələn il Bakıda türkdilli dövlətlərin enerji simpoziumu keçiriləcək

Gələn il Bakıda türkdilli dövlətlərin enerji simpoziumu keçiriləcək ​Azərbaycan Energetika Nazirliyində Türkiyə nümayəndə heyəti ilə müzakirələr aparılıb
Energetika
7 Sentyabr , 2015 12:38
Gələn il Bakıda türkdilli dövlətlərin enerji simpoziumu keçiriləcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi, Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müşaviri İlyas Dəmirçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub.

"Report" Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə 2016-cı ildə Bakıda Türkdilli ölkələrin qurultayının və bu tədbir çərçivəsində enerji simpoziumunun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlikdən bildirilib ki, indiyə qədər keçirilən qurultaylar türkdilli dövlətlərin inteqrasiyasına töhfə verməklə yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulmasına müsbət təsir göstərir: "Odur ki, gələn ilin oktyabr ayında keçirilməsi planlaşdırılan qurultay ərəfəsində enerji mövzusunda ortaq dilə, mədəniyyətə malik ölkələrin elm, iş adamları, mütəxəssislərinin də bir araya gələrək, birgə müzakirələr aparmasına ehtiyac var".

Enerjiyə tələbatın bütün dövrlərdə aktuallığı, Xəzər regionunun enerji resursları ilə zənginliyi Bakının belə bir dialoqun mərkəzi olmasını zəruri edir.

Bu baxımdan, İ.Dəmirçi Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyinin simpoziumun vaxtının dəqiqləşdirilməsini və hazırlıq işlərinə Azərbaycanın dəstəyini vacib hesab etdiyini diqqətə çatdırıb.

Strateji layihələrə Azərbaycanın Türkiyə ilə birgə imza atdığını vurğulayan energetika nazirinin müavini Natiq Abbasov isə bildirib ki, Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq TANAP layihəsi, "Star" neft emalı zavodu, "Petlim" liman layihəsi və "Petkim" şirkətinə qoyulan investisiyalar bu böyük strateji işbirliklərinin təməlini təşkil edir: "Bir çox sahələrdə olduğu kimi enerji sektorunda da Azərbaycanın digər türkdilli dövlətlərlə əməkdaşlıq əlaqələri mövcuddur və bu münasibətlər bu tədbirin daha çox dövlətlərin iştirakı ilə baş tutmasına münbit şərait yaradır".

Simpoziumun tarixinin müəyyənləşdirilməsi, proqramının Azərbaycan Energetika Nazirliyi, Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyi və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə birgə hazırlanması razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi