Yuxarı

Gələn həftədən Karbamid Zavodu SOCAR-ın idarəçiliyinə keçəcək

​Gələn həftədən Karbamid zavodu SOCAR-ın idarəçiliyinə keçəcək
© Report / Elchin Murad — Karbamid Zavodunun direktoru Xəyal Cəfərov

İyunun 20-dən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid Zavodu şirkətin idarəçiliyinə keçəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

O qeyd edib ki, hazırda Koreyanın "Samsung Engineering Co., Ltd.” şirkəti ilə təhvil- təslim işləri həyata keçirilir: "Zavodda Sınaq-sazlama işləri tamamilə yekunlaşıb. İyun ayının əvvəlindən "Samsung Engineering" şirkəti ilə təhvil-təslim işləri aparılır. Bu işlərlə əlaqədar iyunun əvvəlindən zavodda istehsal dayandırılıb. Təhvil-təslim işlərinin iyunun 20-də yekunlaşması gözlənilir. Bundan sonra zavod SOCAR-ın mühəndisləri, işçiləri tərəfindən idarə olunacaq. Zavodda istehsal bərpa olunacaq", - o əlavə edib. 

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Bunun isə ölkəyə hər il 160 mln. dollara qədər əlavə gəlir gətirməsi gözlənilir.

Xatırladaq ki, Karbamid Zavodunun təməli 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Zavodun tikintisi Cənubi Koreyanın “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən, ammonyak üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında həyata keçirilib. Finlandiyanın “Neste Engineering Solutions Oy” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi