Yuxarı
    Bağlamaq

    Gələn ay Bakıda beynəlxalq neft-qaz konfransı keçiriləcək

    Konfransda Azərbaycanın dünya enerji bazarında rolu və s. mövzular müzakirə olunacaq

    Bakı. 11 may. REPORT.AZ/ İyunun 1-2-də Bakıda XXIV Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil&Gas 2017”) konfransı keçiriləcək.

    “Report” sərginin təşkilatçısı olan “Iteca Caspian” şirkətinə istinadən xəbər verir ki, “Caspian Oil&Gas” layihəsinə Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dəstək göstərilir.

    Konfransda Azərbaycanın dünya enerji bazarında rolu, aparıcı layihələrin cari vəziyyəti və gələcək perspektivləri, əsas bazar iştirakçılarının onşor (sahil) və ofşor (dəniz) yataqlarının işlənməsi üzrə planları, neft-qaz layihələrinin reallaşdırılmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda neft emalı və neft-kimya sənayelərinin cari vəziyyəti və inkişafı, neft və qazın Xəzər regionundan diversifikasiyalı nəqli, Azərbaycan-Xəzər regionunun nəqliyyat-logistika qovşağı, yataqların işlənməsi üzrə səmərə və optimallığın artırılması, köhnə yataqların neftvermə əmsalının artırılması üçün qabaqcıl texnologiyaların istifadəsi, rəqəmsal texnologiyaların insan resursları və səmərə artımında effektiv rolu, alternativ enerji sahəsində innovativ texnologiyalar və s. mövzular müzakirə olunacaq. Konfransda 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir.

    Bu il daimi iştirakçı və tərəfdaş olan BP şirkəti Azərbaycanda 25 illik fəaliyyətini qeyd edir. Bu yubiley tədbirə “BP - 25 il ərzində Azərbaycanın uzunmüddətli tərəfdaşı” adlı konfransının bir sessiyası həsr olunacaq.

    Konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Konfransın "Qızıl sponsor"ları qismində BP, “Petronas”, "Gümüş sponsor"ları "Inpex", “McDermott”, “Statoil”, “Reflex Marine”, "Bürünc sponsor"ları “Schlumberger”, “Caspian Geophysical”, “Microsoft", "Siemens”, “Dentons”, “Fluor”, “Nobel Upstream”, TAP, “Total”, “Zenith Energy”, “Yokogawa Lamor Corporation” çıxış edir. Konfransın baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

    “Beləliklə, konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcək”, - deyə məlumatda qeyd olunub. 

    Konfransın təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi