​Gələn ay Abşeronun dayazsulu hissəsində 3D seysmik tədqiqatlara başlanacaq

​Gələn ay Abşeronun dayazsulu hissəsində 3D seysmik tədqiqatlara başlanacaq Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır
Energetika
4 Fevral , 2016 11:06
​Gələn ay Abşeronun dayazsulu hissəsində 3D seysmik tədqiqatlara başlanacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi üzrə ictimai dinləmələr keçirilir. "Report" xəbər verir ki, ictimai dinləmələr layihənin operatoru olan "BP-Azerbaijan" şirkətinin təşkilatçılığı ilə keçirilir. 

Tədbirdə "BP-Azerbaijan" şirkətinin geoloji kəşfiyyat şöbəsinin əməkdaşı Arzu Cavadova gələn ay aparılacaq 3D seysmik tədiqat işləri barədə məlumat verib. O qeyd edib ki, quruda tədqiqat sahəsi 90 kv. km olan ərazidə aparılacaq və hər 400 metr ərazidə tədqiqat xətləri yerləşdiriləcək. Onun sözlərinə görə, tədqiqatda ən qabaqcıl avadanlıqlardan istifadə olunacaq. 

Dənizdə aparılacaq işlərə gəldikdə isə A.Cavadova qeyd edib ki, suyun 25 metrədək dərinliyində tədqiqat aparılacaq. O, əlavə edib ki, proqram 9 ay müddətinə nəzərdə tutulub və tədqiqatlarda 5 mənbə gəmi istifadə olunacaq. 3D seysmik tədqiqat "Geokinetics" şirkəti tərəfindən aparılacaq və tədqiqat sahəsi ümumilikdə 1 520 kv.km sahəni əhatə edəcək. 

Qeyd edək ki, 2015-ci ilin noyabr-dekabr aylarında suyun 10 metr dərinliyində 2D seysmik tədqiqat aparılıb. Bu layihə üzrə ƏMSSTQ sənədi ötən ilin dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Sənəddə layihənin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılıb və bu təsirləri azaltmaq üçün tövsiyə olunan tədbirlər təsvir olunub. ƏMSSTQ sənədi və ona əlavə olunan qısa xülasə Azərbaycan və ingilis dillərində hazırlanıb. Sənədlərin nüsxələri yanvarın 15-dən etibarən ictimaiyyətin tanış olması üçün Bakı və Bakıətrafı ərazilərdə müəyyən ünvanlarda yerləşdirilib. BP şirkəti rəy və təkliflərin fevral ayının sonuna kimi təqdim olunmasını xahiş edib. 

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Bu saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır.

Son xəbərlər

Orphus sistemi