​Fransa Əməkdaşlıq Agentliyi Azərbaycanla energetika sektorunda əməkdaşlıqda maraqlıdır

​Fransa Əməkdaşlıq Agentliyi Azərbaycanla energetika sektorunda əməkdaşlıqda maraqlıdır Azərbaycanın energetika nazirinin müavini Fransa Əməkdaşlıq Agentliyinin nümayəndə heyətini qəbul edib
Energetika
19 Fevral , 2016 17:28
​Fransa Əməkdaşlıq Agentliyi Azərbaycanla energetika sektorunda əməkdaşlıqda maraqlıdır

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyində energetika nazirinin müavini Gülməmməd Cavadovun iştirakı ilə Fransa Əməkdaşlıq Agentliyinin nümayəndə heyətinin görüşü keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Fransa arasında energetika sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib. Yanacaq-enerji kompleksində iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirən G.Cavadov energetika sektorunun inkişafı istiqamətində həyata keçirilmiş dövlət proqramları, eləcə də yanacaq-enerji kompleksinin gələcək inkişafı ilə bağlı müəyyən edilmiş prioritet istiqamətlər barədə qonaqları məlumatlandırıb.

O, bildirib ki, enerji resurslarından səmərəli istifadə, enerji daşıyıcılarının istehsalı və satışı zamanı yol verilən itkilərin azaldılması, binalarda enerji effektivliyinin yüksəldilməsi, energetika sahəsində qanunvericiliyin və tarif siyasətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində birgə əməkdaşlıq üçün geniş imkanlar var.

Fransa Əməkdaşlıq Agentliyinin həyata keçirdiyi layihələr barədə danışan nümayəndə heyətinin rəhbəri, Agentliyin enerji üzrə eksperti Fabris Jüküa qurumun regionla bağlı planlarını diqqətə çatdırıb. O, Fransa Əməkdaşlıq Agentliyinin Azərbaycanın energetika sektorunda əməkdaşlıqda maraqlı olduğunu deyərək, bu əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb.

Görüşdə səsləndirilən təkliflər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi