Yuxarı
    Bağlamaq

    Enerji naziri: "Rumıniya Azərbaycanla enerji sahəsində daha da sıx əməkdaşlıqda maraqlıdır"

    Rumıniyaya səfəri çərçivəsində nazir Elmar Məmmədyarov enerji naziri Razvan Nikolesku ilə görüşüb

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Senatının sədri Kalin Popesku Tariçeani ilə görüşüb.

    Azərbaycan XİN-in mətbuat xidmətindən Report-a verilən məlumata əsasən, görüşdə Azərbaycanla Rumıniya arasında əlaqələrin inkişafından məmnunluq bildirilib.

    Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının vacibliyini qeyd edən nazir Elmar Məmmədyarov Rumıniyanın bu istiqamətdə dəstəyini yüksək qiymətləndirib.

    Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barəsində məlumat verib və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini vurğulayıb.

    Rumıniyaya səfəri çərçivəsində E.Məmmədyarov həmçinin enerji naziri Razvan Nikolesku ilə də görüşüb.

    Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector (AGRI) layihəsi ətrafında müzakirələr aparılıb.

    Razvan Nikolesku ölkəsinin Azərbaycanla enerji sahəsində daha da sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

    Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barəsində məlumat verən azərbaycanlı nazir bu ilin sentyabr ayında "Əsrin müqaviləsi"nin 20 illiyinin qeyd olunacağını və bu münasibətlə Bakıda təşkil ediləcək tədbirlər çərçivəsində TANAP layihəsinin təməlqoyma mərasiminin keçiriləcəyini qeyd edib.

    Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi