Bu ilin iyul ayında istehlakçıların hüquqlarının qorunması, abunəçilərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və nazirlik xətti ilə 598 müraciət daxil olub.
Bu barədə “Report”a Agentlikdən (AERA) məlumat verilib.
Məlumata görə, bunlardan elektrik enerjisi təchizatı ilə bağlı 36-sı məlumat üçün olmaqla, cəmi 506 müraciət, təbii qaz təchizatı ilə bağlı 3-ü məlumat üçün olmaqla, cəmi 45 müraciət, istilik təchizatı ilə bağlı 1 müraciət və 10-u məlumat üçün olmaqla, cəmi 46 müraciət isə digər məsələlərlə bağlı olub.
Ümumilikdə 598 müraciətdən 244-nüi Agentlik araşdırıb və cavablandırıb. Onlardan 7-si müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib.
305 müraciət hazırda baxılma prosesindədir. 49 məlumat xarakterli müraciətdən 14-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 16 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.
Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 22 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb.
Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 3 layihə sənədinin razılaşdırılmasından imtina olunub.
Bundan əlavə 28 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.
Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 205 olub.
Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub.
Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 1 qeyri-qanuni qoşulma faktı aşkar edilib.
Qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 1 qeyri-qanuni qoşulma faktı aşkar edilib.
Agentlik 3 inzibati xəta haqqında protokol tərtib edib və 17 qərar verib.
Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 11 texniki yoxlama aparılıb.
Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 13 texniki yoxlama aparılıb.
Agentliyə müraciət edən 10 müəssisədə elektrik təsərrüfatına cavabdeh 22 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.
15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 246 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.