​Energetika Nazirliyində Xəzər Neft-Qaz Sərgisinin bir sıra iştirakçıları ilə görüşlər keçirilib

​Energetika Nazirliyində Xəzər Neft-Qaz Sərgisinin bir sıra iştirakçıları ilə görüşlər keçirilib Nazir Natiq Əliyev bildirib ki, Azərbaycanın son 20 ildə həyata keçirdiyi enerji layihələrinin uğurla reallaşmasında ABŞ mühüm rol oynayıb
Energetika
1 İyun , 2016 18:20
​Energetika Nazirliyində Xəzər Neft-Qaz Sərgisinin bir sıra iştirakçıları ilə görüşlər keçirilib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakıda başlayan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə köməkçisi xanım Robin Dunniqanın rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın energetika naziri Natiq Əliyev ilk belə sərginin 1994-cü ildə keçirildiyini xatırladıb. Onun sözlərinə görə, 23 ildir davamlı olaraq təşkil olunan bu cür beynəlxalq tədbirlərin Azərbaycanın enerji potensialının dünyaya nümayiş etdirilməsi, investorların neft sahəsinə cəlbi baxımından mühüm əhəmiyyət daşıyır.

N.Əliyev bildirib ki, Azərbaycanın son 20 ildə həyata keçirdiyi enerji layihələrinin uğurla reallaşmasında ABŞ-ın xüsusi dəstəyi mühüm rol oynayıb. Nazir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsiinə töhfə verəcək Cənub Qaz Dəhlizi layihəsi ilə üzrə işlərin icrasının qrafikə uyğun aparıldığını diqqətə çatdırıb. “Şahdəniz -2” və Cənub Qafqaz Boru Kəməri üzrə işlərin 70%-nin tamamlandığını deyib. N.Əliyev layihənin son seqmenti olan Trans-Adriatik qaz boru kəməri ilə bağlı da nikbinliyini ifadə edib.

Energetika naziri bildirib ki, Cənub Qaz Dəhlizi Azərbaycanla yanaşı, gələcəkdə Orta Asiya ölkələri, Misir, İraq və İrandan təbii qazın Avropa İttifaqı ölkələrinə ixracına imkan verəcək. Hazırda Bolqarıstandan Yunanıstana birləşdirici kəmərin tikintisi gündəmdədir. Eyni zamanda, İtaliyadan onun şimal qonşularına, Albaniyadan isə Balkan ölkələrinə kəmərlərin çəkilməsi nəzərdə tutulur.

R.Dunniqan da enerji sahəsində Azərbaycan-ABŞ əməkdaşlığını və Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında rolunu yüksək qiymətləndirib. Azərbaycanı enerji diversifikasiyasında, eləcə də bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərin əldə olunmasında etibarlı tərəfdaş adlandıran xanım Dunniqan ölkəsinin Azərbaycana dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Həmçinin, qlobal enerji bazarındakı son vəziyyət və digər perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb. 

“Xəzər Neft və Qaz 2016” sərgisi çərçivəsində "Total" şirkətlər qrupunun Avropa və Mərkəzi Asiya regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Maykl Borrel ilə də energetika naziri N.Əliyev arasında görüş keçirilib. Görüşdə qlobal enerji şirkəti olan "Total"in Azərbaycanda 20 ilə yaxın fəaliyyəti nəticəsində əldə edilmiş nailiyyətlərdən bəhs edilib. Bildirilib ki, "Total" Azərbaycanda BTC kəməri vasitəsilə neft ixrac edən şirkətin tərəfdaşı, həmçinin "Abşeron" bloku üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü (PSA) sazişi üzrə əməliyyat şirkəti kimi qarşılıqlı maraq kəsb edən strateji layihələrdə iştirak etməklə uzunmüdətli əməkdaşlığa töhfə verib. "Total" şirkəti yaxın illərdə "Abşeron" yatağında hasilata başlamaq üçün tərəfdaşları ilə birgə səylərini artırmaqdadır. Bu layihə çərçivəsində şirkət dəniz dərinlikləri texnologiyası, layihə idarəetməsi və rezervuar işlənməsi sahəsindəki təcrübəsini tətbiq etməyi planlaşdırır. Hazırda Xəzər dənizinin dərin sularında yerləşən "Abşeron" bloku üzrə işlənmə planı hazırlanmaqdadır. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi