Yuxarı
    Bağlamaq

    Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib

    İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə mayın 22-dən başlanacaq

    Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulu, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılması prosesinə başlanılıb. 

    Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda deyilir ki, Energetika Nazirliyi yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə 22 may 2017-ci il tarixindən başlanacaq.

    Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 20 iyunda yekunlaşacaq. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Hər bir vətəndaş cəmiyyəti institutu müraciətinə İctimai Şuranın üzvülüyünə irəli sürdüyü namizədin şəxsiyyət vəsiqəsinin surətini, tərcümeyi-halını, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvlüyünü təsdiq edən sənədin surətini əlavə etməlidir. Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.

    İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı müraciətlərin Energetika Nazirliyinə onlayn qaydada, yaxud şəxsən təqdim olunması mümkündür.

    İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən üç gün müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.

    Qeyd edək ki, energetika naziri Natiq Əliyevin müvafiq əmri ilə İctimai Şuraya seçkilərin təşkili məqsədilə Energetika Nazirliyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daxil olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb.

    Açıqlamya görə, Azərbaycan Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi və seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı məlumatlar Nazirliyin rəsmi internet səhifəsində (www.minenergy.gov.az) yerləşdiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi