Azərbaycanın energetika naziri Enerji Xartiyasının baş katibini qəbul edib

Azərbaycanın energetika naziri Enerji Xartiyasının baş katibini qəbul edib U.Rusnak Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün yeni hüquqi sənədin imzalanmasının vacibliyini vurğulayıb
Energetika
17 Oktyabr , 2016 15:39
Azərbaycanın energetika naziri Enerji Xartiyasının baş katibini qəbul edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşüb. 

Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələləri və Beynəlxalq Enerji Xartiyası ilə əlaqədar proseslərdə əldə edilmiş nailiyyətlər və son dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, 2012-ci ildən Beynəlxalq Enerji Xartiyasının hazırlanması prosesinə start verilib və yekun sənəd 2015-ci il may ayında Haaqa konfransında 75-dən çox iştirakçı dövlət tərəfindən imzalanıb. Yenilənmiş siyasi bəyannamədə enerji təhlükəsizliyi daha geniş mənada - enerji istehsalçısı, istehlakçısı, tranzit və enerji resurslarına məhdud çıxışı olan ölkələrin təhlükəsizliyi aspektində təsbit olunub. Baş katib U.Rusnak bu sənədin Enerji Xartiyasının Müqaviləsində nəzərdə tutulan hüquqi normaların dəyişdirilməsi və ya genişləndirilməsi üçün əsas olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, enerji ehtiyatlarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinin hazırlanması Enerji Xartiyası üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycanın tranzit ölkə kimi bu istiqamətdə əldə etdiyi təcrübə bu prosesə mühüm töhfə verə bilər.

N.Əliyev dünyanın aparıcı şirkətləri ilə imzalanmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasında mühüm rol oynamış “Hasilatın Pay Bölgüsü” və digər ikitərəfli sazişlərin ərsəyə gəlməsi tarixçəsindən danışaraq, həm bu sazişlərin, həm də tranzit ərazisinə malik ölkə kimi imzalanmış digər çoxsaylı sənədlərin mühüm hüquqi baza yaratdığnı qeyd edib. “Bu sənədlər bu gün mühüm dəyərə malikdir”, - deyən N.Əliyev enerji daşıyıcılarının tranziti ilə bağlı təcrübəni bölüşməyə və lazımı texniki dəstəyi göstrərməyə Azərbaycanın hər zaman hazır olduğunu diqqətə çatdırıb.

U.Rusnak onu da əlavə edib ki, qısa müddətdə enerji ixracatçısına çevrilməsi və qlobal enerji təhlükəsizliyi sahəsində qazandığı statusu ilə Azərbaycan Beynəlxalq Enerji Xartiyası tərəfindən digər ölkələr üçün örnək kimi qəbul edilir. Baş katib növbəti 5 il müddətində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni hüquqi sənədin imzalanmasının vacibliyini vurğulayıb. O, noyabrın 25-26-də Tokioda (Yaponiya) keçiriləcək Enerji Xartiyasının 27-ci konfransında Azərbaycanın da iştirakının zəruri olduğunu diqqətə çatdırıb.

N.Əliyev isə enerji sektorunda beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində Enerji Xartiyasının rolunu bir daha yüksək qiymətləndirərək, Azərbaycanla bu qurum arasında əlaqələrin inkişafı üçün lazımı tədbirlərin görüləcəyini bildirib. Daha sonra Enerji Xartiyası İnvestisiya Qrupuna Azərbaycan tərəfindən namizədin göndərilməsi və qarşılıqılı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi