Ən ucuz benzin satılan ölkə qiyməti artırır

Ən ucuz benzin satılan ölkə qiyməti artırır
Energetika
1862
31 May , 2020 11:00
Ən ucuz benzin satılan ölkə qiyməti artırır

Dünyada benzinin ən aşağı qiymətə satıldığı ölkə olan Venesuelada iyunun 1-dən etibarən benzin bahalaşacaq.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro elan edib.

Hökumətin subsidiyası sayəsində Venesuelada benzinin qiyməti uzun müddət dünyada ən aşağı səviyyələrdə olub, lakin milli neft şirkəti PDVSA-nın neft emalı zavodunun böyük hissəsində istehsalının dayandırılması xaricdən, xüsusilə də İrandan benzin idxalına ehtiyac yaradıb.

O qeyd edib ki, ölkədə benzinə subsidiya veriləcək: “Benzinin 1 litrinin qiyməti subsidiyalar da daxil olmaqla, 5 min bolivar (2,5 sent) təşkil edəcək. Avtomobil sahibləri bu qiymətə ayda 120 litr, motosiklet sahibləri 60 litr benzin əldə edə biləcəklər".

Müəyyən edilmiş kvotadan artıq benzin üçün beynəlxalq qiymətlər tətbiq ediləcək.

İctimai nəqliyyat üçün yanacağa 90 gün ərzində 100% subsidiya veriləcək.

Bazar ertəsindən etibarən ölkədə 1,5 min yanacaqdoldurma məntəqəsi benzin satışı üçün hazır olacaq. Lakin hələlik satışlar qeydiyyat nömrəsinə uyğun həyata keçiriləcək. Məsələn, bazar ertəsi günləri 1 və 2 rəqəmləri ilə bitən, çərşənbə axşamı 3 və 4 rəqəmləri ilə bitən, çərşənbə günləri 5 və 6 rəqəmləri ilə yekunlaşan, cümə axşamı 7 və 8 rəqəmləri ilə bitən, cümə günü 9 və 0 rəqəmləri ilə bitən avtomobil sahibləri benzin əldə edə biləcəklər. Fövqəladə hallarda vətəndaşlar yanacaqdoldurma məntəqələrindən bu qaydanı pozmağı xahiş edə bilərlər.

Venesuelada 95 markalı benzinin bir litrinin qiyməti əvvəl 0,00006 bolivar, 91 markalı benzinin qiyməti isə 0,00001 bolivar təşkil edib.