Elşad Nəsirov: "SOCAR-ın DESFA-da payından 25%-in satılması xəbərləri yanlışdır"

Elşad Nəsirov: "SOCAR-ın DESFA-da payından 25%-in satılması xəbərləri yanlışdır" Hazırda yalnız 17%-in üçüncü tərəfə satılması ilə bağlı danışıqlar aparılır
Energetika
1 Fevral , 2016 11:20
Elşad Nəsirov: SOCAR-ın DESFA-da payından 25%-in satılması xəbərləri yanlışdır

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətində potensial iştirak payından 25%-in satılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə "Report"a SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

E.Nəzirov qeyd edib ki, hazırda 17%-in digər şirkətə satılması ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Artıq İtaliyanın "Snam", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətləri bu səhm zərfinin alınmasında maraqlı olduqlarını bildirib və rəsmi olaraq Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fonduna (HRADF) müraciət edib.

Xatırladaq ki, bu şirkətlər Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsində hasil olunacaq qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində səhmdardır. TAP-da "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) paya malikdir.

Bu yaxınlarda Yunanıstan KİV-ində SOCAR-ın DESFA-dakı payının 17%-ni deyil, 25%-dən çoxunu digər şirkət yaxud qrupa sata biləcəyi barədə məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi