Yuxarı
    Bağlamaq

    Ekspertlər: Qlobal neft ehtiyatları 1 mlrd. barel azalmalıdır

    Neft bazarı OPEC anlaşmasının effektivliyinə tam inanmır

    Bakı. 18 yanvar. REPORT.AZ/ Qlobal neft bazarında tarazlığın bərpa edilməsi üçün dünya neft ehtiyatları 1 mlrd. barel azalmalıdır. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu mərkəzi Şarja şəhərində (BƏƏ) yerləşən "Dana Gas PJSJ" şirkətinin baş icraçı direktoru Patrik Olman-Uord (Patrick Allman-Ward) Davos Ümumdünya İqtisadi Forumunda "Bloomberg" televiziyasına verdiyi müsahibədə bildirib. Xatırladaq ki, Forumda çıxış edən Beynəlxalq Energetika Agentliyinin (İEA) icraçı direktoru Fatih Birol ehtiyatların 2017-ci ilin ilk yarısında azalmağa başlayacağını və neft bazarının tənzimlənəcəyini ehtimal etdiyini bildirib.

    Qeyd edək ki, BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən Energetika Forumunda danışan Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih ilin ikinci yarısı üçün neft hasilatının azaldılması anlaşmasının uzadılmasını zəruri bilmədiyini açıqlayıb. Öz növbəsində "Bloomberg" agentliyi tərəfindən EİA-nın hesabatına əsaslanan araşdırmada bildirilir ki, əgər belə olarsa, ilin ikinci yarısında neft hasilatı artaraq yenidən təklifin tələbi üstələməsinə gətirib çıxara bilər. 

    Rusiyanın "Veles Kapital" investisiya şirkətinin analitiki İqor Arnautov S.Ərəbistanının gündəlik neft hasilatını söz verdiyindən (486 min barel) daha artıq (500 min barel) və vaxtından əvvəl azaltmasına baxmayaraq, neft qiymətlərinin 60 dollar/barel həddini keçə bilmədiyini xatırladıb. O, bazar iştirakçılarının OPEC-in Vyana anlaşmasının effektivliyinə tam inanmadığını vurğulayıb.

    "Report"un analitik qrupu neft qiymətlərinin bir neçə ay ərzində ciddi dəyişiklik göstərməyəcəyini və neft bazarı iştirakçılarının qlobal neft ehtiyatlarının həcmində dəyişikliklər izləyəcəyini bildirir: "Yalnız bundan sonra neftin qiyməti öz hərəkət trayektoriyasını müəyyən edəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi