2020-ci ildə dünya boyu bərpa olunan enerji əsasında rekord həcmdə elektrik stansiyaları inşa olunub.
“Report” xəbər verir ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) illik hesabatına görə, ötən il 260 giqavat (GW) bərpa olunan enerji tutumu yaradılıb ki, bu da əvvəlki rekorda nisbətən 50 faizdən çoxdur. Bütövlükdə 2019-cu ildə tikilən yeni elektrik stansiyalarının 73 faizi, 2020-ci ildə isə 82 faizi bərpa olunan enerji mənbələri, daha çox külək və günəş enerjisinə əsaslanan qurğuların payına düşüb.
“Çətin dövrə baxmayaraq, əvvəlcədən bildirdiyimiz kimi, 2020-ci il bərpa olunan enerji onilliyinin başlamasına işarə verir. Qiymətlər azalır, təmiz texnologiyalar bazarlarında artım var, enerji əvəzləməsinin faydaları heç vaxt bu qədər aşkar olmayıb. Bu trend qarşısıalınmazdır, amma bizim “Dünya Enerji Keçidi İcmalı”mızda qeyd olunduğu kimi, bunun icrası nəhəng vəsaitlərə başa gələcək. 2050-ci il hədəflərinə çatmaq istəyiriksə, 1,5 dərəcəlik isinmə hesabatımızda göstərildiyi kimi, tutarlı şəkildə planlaşdırdığımız enerji sərmayələri bu keçidi dəstəkləyəcək şəkildə yeni istiqamətə yönəlməlidir”, – İRENA baş direktoru Françesko la Kamera qeyd edib.
Hesabata görə, ötən il yeni enerji tutumlarında 10,3 faiz artım qeydə alınıb: “2020-ci ilin sonunda dünya üzrə bərpa olunan enerji qurğularının gücü 2.799 GW-dək artıb, hərçənd su və külək qurğularının sürətlə çoxalmasına baxmayaraq su elektrik stansiyalar hələ də 1211 GW ilə üstünlüyünü qoruyur”.
Ötən il günəş enerjisi qurğularının 127 GW, külək enerjisi qurğularının isə 111 GW təşkil etdiyi bildirilir. Hesabat dövründə ən çox artan bərpa olunan enerji bazarları Çin və ABŞ-dır. Dünyanın ən böyük bərpa olunan enerji bazarı olan Çində ötən il 72 GW külək və 49 GW günəş enerjisi qurğuları inşa olunub. ABŞ-da isə bütövlükdə 29 GW (15 günəş, 14 külək) bərpa olunan enerji qurğuları inşa olunub ki, bu da əvvəlki ilə nisbətən 80 faizədək çoxdur. Bərpa olunan enerjidə ən sürətli artım göstəricisi isə 18,4 faizlə Okeaniya regionuna məxsusdur.