Ekspert: “Azərbaycanda qazlaşma səviyyəsinin 96%-ə çatması çox qürurverici göstəricidir”

Ekspert: “Azərbaycanda qazlaşma səviyyəsinin 96%-ə çatması çox qürurverici göstəricidir” Texnologiyalar inkişaf edir, insanların durumu yaxşılaşır və yeni dövrün tələblərinə uyğun olaraq 1 kubmetr qazı energetiklərimiz 4,2-4,3 kVt/saat elektrikə çevirib istifadəçilərə verilə bilər
Energetika
24 İyul , 2020 18:31
Ekspert: “Azərbaycanda qazlaşma səviyyəsinin 96%-ə çatması çox qürurverici göstəricidir”

"Dünən Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, artıq Azərbaycanda qazlaşma səviyyəsi 96%-ə çatıb. Bu, çox yaxşı və qürurverici bir göstəricidir".

Bunu iyulun 23-də Prezident İlham Əliyevin su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı səsləndirdiyi fikirlərini şərh edərkən Neft Araşıdrmalar Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban "Report"a bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda qaz onun vətəndaşları üçün əlçatandır: “Əlçatan olduğu üçün də qaza ölkə daxilində tələbat var. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin hər rüb açıqladığı məlumatlarda da görürük ki, məhz əhali abonentlərinin sayı durmadan artır”.

Ekspert bildirib ki, Azərbaycan 2015-ci ildən sonra qeyri-neft sektorunun inkişafına böyük vəsaitlər yönəldib: "Bunlardan biri də qaz infrastrukturudur. Həmçinin kiçik və orta sahibkarlığın inkişafıdır. Təbii ki, kiçik və orta sahibkarların qazdan və ya elektrik enerjisindən istifadə etmə həcmləri artır”.

İ.Şaban qeyd edib ki, bu baxımdan SOCAR-ın 2012-ci ilin iyulun 1-dən ölkədə qazlaşdırmanın yeni mərhələsi ilə bağlı Dövlət Proqramı çərçivəsində bu layihəyə start verməsi ilə 8 il sonra ölkədə qazlaşdırma 96% səviyyəsinə çata bildi: “O zaman isə bu göstərici 60%-dən bir az yuxarı idi. Çünki faktiki olaraq nəinki rayonlar, o cümlədən Abşeron yarımadasında insanların təbii qaza çıxışı məhdud idi. Bu da iki məsələdən qaynaqlanırdı: Birincisi, Sovet dönəmindən qalan infrastruktur köhnəlmişdi. İkincisi də, ötən 20 ildən artıq müddətdə ölkədə qazlaşdırılmamış yeni massivlər salınıb”.

Ekspert deyir ki, bu baxımdan 2012-ci ilin yarısından sonrakı dövrə nəzər salsaq, SOCAR ölkədə qazlaşdırmanı iki istiqamətdə aparırdı: “Bunlardan biri sovet dönəmindən qalan infrastrukturun yenilənməsi, sayğacların quraşdırılmasıdır. Çox yaxşı bir haldır ki, faktiki olaraq abonentlərin yarısı Smart-kart tipli sayğaclarla təchiz olunub, abonent və yoxlayıcı arasında heç bir təmas yoxdur. Bu da bizim qonşularımız olan qaz ölkələri - Qazaxıstan və Türkmənistanla müqayisədə Azərbaycan bu sahədə kifayət qədər irəli addımlar atıb”.

Mərkəz rəhbəri bildirib ki, bu gün Rusiya dünyanın bir nömrəli qaz hasilatı aparan ölkəsidir: “Ancaq bu ölkədə qazlaşma səviyyəsi 62-63% təşkil edir. Qazaxıstan dünyanın böyük enerji ölkəsidir. Bu ölkədə illik olaraq 90 milyon tondan çox neft və 50 milyard kubmetrdən çox qaz hasil edilir. Bu ölkədə əmtəəlik qaz həcmləri 30 milyard kubmetrdir. Ancaq bu ölkədə də qazlaşma səviyyəsi 60% civarındadır. Düzdür, bu onların coğrafiyası ilə də əlaqəlidir”.

İ.Şaban vurğulayıb ki, qaz “yaşıl enerji”nin ən əşağı səviyyədə olan bir növü sayılsa da, ancaq müəyyən çəkisi var: “Həmçinin qaz hər bir yerdə yüksək riskli bir yanacaq növü hesab edilir. Burada partlayışlar və zəhərlənmələr daim olur. Bunu da əsasən payız-qış aylarında görürük. Bu baxımdan dünyanın inkişaf etmiş ölkələri məişətdə qazdan istifadə etmirlər. Onlar qazı elektrikə çevirir və özlərinin bütün məişətini ancaq elektrikə həvalə edirlər. Bu da çox önəmli məsələdir. Əvvəla, risk dərəcəsi azalır, ikinci tərəfdən, bütün yaşayış massivlərində qazıntı işləri və boru kəmərlərini, ümumiyyətlə, aradan çıxarır. Qazı ötürmək üçün quraşdırılan kompressor stansiyalarını gərəksiz edir və qazı elektrik enerjisinə çevirib insanlara vermək, onu daha da əlçatan və izafi istifadəyə yol verməmək çox yaxşı bir haldır”.

Ekspert deyir ki, Azərbaycan Energetika Nazirliyinin açıqladığı son rəqəmlərə görə, 1 kubmetr qazı energetiklərimiz 4,2 - 4,3 kVt/saat elektrikə çevirib istifadəçilərə verə bilirlər: “Əvvəl bu göstərici heç 4 kVt/saata da çatmırdı. Texnologiyalar inkişaf edir, insanların durumu yaxşılaşır və yeni dövrün tələblərinə uyğun olaraq bu addımları da atmaq lazımdır. Bunun nəticəsində qaza olan tələbatı ölkəmizdə istehlakını azalda bilərik, həmçinin adımızı “yaşıl enerji” ölkələri sırasına yaza bilərik”.

Qeyd edək ki, dünən su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə ölkə başçısı bildirib ki, o vaxt ölkəmizdə qazlaşdırmanın səviyyəsi çox aşağı idi. Görülmüş işlər nəticəsində bu gün qazlaşdırma ölkəmizdə 96 faizə çatıb: “Deyə bilərəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Amma nəzərə alsaq ki, sənayemiz, əhalimiz artır, təbii qaza tələbat artır və bizim elektrik stansiyalarımız yalnız təmiz enerji resursları - təbii qaz və su əsasında fəaliyyət göstərir, əlbəttə, biz bu sahəni bundan sonra da prioritet olaraq diqqətimizdə saxlayacağıq”.

Son xəbərlər

Orphus sistemi