“Ekol Mühəndislik Xidmətləri” ötən ili 2 mln. manat mənfəətlə başa vurub

“Ekol Mühəndislik Xidmətləri” ötən ili 2 mln. manat mənfəətlə başa vurub 2018-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC 2,011 mln. manat mənfəət əldə edib.
Energetika
3 İyun , 2019 16:39
“Ekol Mühəndislik Xidmətləri” ötən ili 2 mln. manat mənfəətlə başa vurub

2018-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC 2,011 mln. manat mənfəət əldə edib.

“Report” bu barədə şirkətin maliyyə hesabatına əsasən xəbər verir.

2017-ci ildə isə şirkətin 1,151 mln. manat zərəri olub.

Hesabat dövründə şirkətin gəlirləri 17,032 mln. manat olub ki, bu da 2017-ci ildən 48,5% çoxdur.

Bu il yanvarın 1-nə şirkətin aktivləri 21% artaraq 15,234 mln. manat təşkil edib.

Şirkətin uzunmüddətli aktivləri 3,6% azalaraq 7,111 mln. manat, qısamüddətli aktivləri isə 55,6% artaraq 5,219 mln. manat olub.

Hesabat dövründə şirkətin kapitalı 11,6% artıb və 12,312 mln. manat təşkil edib.

Şirkətin öhdəlikləri 2018-ci ildə 2,920 mln. manat olub ki, bu da əvvəlki ildən 86,6% çoxdur. Bu öhdəlik qısamüddətli olub.

Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) pay iştirakı ilə imzalanan müqavilə əsasında təsis edilib. 2006-cı il aprelin 17-də Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib.

Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi