​​​​​​​“EKOL Mühəndislik Xidmətləri”nin xalis mənfəəti 6 dəfə artıb

​​​​​​​“EKOL Mühəndislik Xidmətləri”nin xalis mənfəəti 6 dəfə artıb “EKOL Mühəndislik Xidmətləri” QSC 2021-ci ili 6,738 milyon manat xalis mənfəətlə başa vurub.
Energetika
8 sentyabr 2022 05:06
​​​​​​​“EKOL Mühəndislik Xidmətləri”nin xalis mənfəəti 6 dəfə artıb

“EKOL Mühəndislik Xidmətləri” QSC 2021-ci ili 6,738 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 5,8 dəfə çoxdur.

Ötən il “EKOL Mühəndislik Xidmətləri”nin əməliyyat gəlirləri 33,248 milyon manat (əvvəlki ilə nisbətən 52,2 % çox), əməliyyat xərcləri isə 23,688 milyon manat (14,4 % çox), o cümlədən subpodratçıların göstərdiyi xidmətlərin dəyəri 94 min manat (2,2 dəfə az), əmək haqqı və məcburi dövlət sosial sığorta xərcləri 14,69 milyon manat (10,9 % çox), istifadə etdiyi xammal və materialların dəyəri 3,093 milyon manat (4,4 % çox), köhnəlmə və amortizasiya xərcləri 2,901 milyon manat (60,5 % çox), kommunal xərcləri 508 min manat (18,4 % az) icarə xərcləri 17 min manat (2,5 dəfə az), sair xərcləri 2,385 milyon manat (18,8 % çox) təşkil edib.

Bundan başqa, şirkətin 729 min manat sair gəlirləri (6 dəfə çox), 890 min manat isə birgə müəssisənin maliyyə nəticələrində pay hesabına gəlirləri (25,5% az), 2,444 milyon manat (2,7 dəfə çox) faiz xərcləri olub. Səhmdar cəmiyyəti həmçinin illiik müqayisədə 5,2 dəfə çox – 1,997 milyon manat mənfəət vergisi ödəyib.

Bu il yanvarın 1-nə “EKOL Mühəndislik Xidmətləri”nin aktivləri 47,051 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 12,1 % azalaraq 27,396 milyon manata düşüb, balans kapitalı isə 45,3 % artaraq 19,655 milyon manata çatıb.

Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi