Əkbər Hacıyev: “Yaxın günlərdə 14 yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçiriləcək”
Əkbər Hacıyev: “Yaxın günlərdə 14 yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçiriləcək”Bakı. 16 noyabr. REPORT.AZ/ Bu il ərzində respublikanın regionlarında 42 inizabati rayon üzrə 79 yaşayış məntəqəsinin, o cümlədən Tərtər rayonunun cəbhə bölgəsindəki 8 yaşayış məntəqəsinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbənin qazlaşdırılması həyata keçirilməlidir.
Bakı. 16 noyabr. REPORT.AZ/ "Bu il ərzində respublikanın regionlarında 42 inizabati rayon üzrə 79 yaşayış məntəqəsinin, o cümlədən Tərtər rayonunun cəbhə bölgəsindəki 8 yaşayış məntəqəsinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbənin qazlaşdırılması həyata keçirilməlidir".
“Report”un məlumatına görə, bunu bu gün SOCAR “Azəriqaz” İstehsalat Birliyində 2018-ci ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər və payız–qış mövsümünə hazırlıqla bağlı mətbuat konfransında “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev bildirib.
Onun sözlərinə görə, bunlardan 55 məntəqə qazlaşdırılıb, 14 məntəqədə işlər başa çatdırılıb və yaxın günlərdə açılışın həyata keçirilməsi planlaşdırılır, 10 məntəqədə isə qazlaşdırılma işləri sürətlə davam etdirilir.
Ə.Hacıyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar olaraq, SOCAR-a bu il üçün 100 mln. manat vəsait ayrılıb: “Biz fəaliyyətimizi Prezidentin ölkə üzrə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması haqqında verdiyi tapşırığının icra olunması istiqamətində qurmuşuq. Artıq noyabrın 1-nə olan göstəricilərə görə, ölkə üzrə əhalinin qazlaşma səviyyəsi 95 faiz icra olunub. Yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulması “birpilləli” tənzimləmə sistemi əsasında aparılıb ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara verilən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Ümumilikdə, 2009-cu ildən bu günə kimi aparılmış işlərin nəticəsi olaraq 51 406,8 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 9 310,3 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib, 1514 yaşayış məntəqəsinə təbii qaz verilib.
O, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin “Azəriqaz”la əməkdaşlığı barədə məlumat verərək qeyd edib ki, bu ilin 10 ayı ərzində respublika üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olmuş 199 680 müraciətin icrası tam təmin edilib.