Əkbər Hacıyev: "Ötən il təchizat şəbəkəsində qaz itkisi azalıb"

Əkbər Hacıyev: "Ötən il təchizat şəbəkəsində qaz itkisi azalıb" İtirilmiş təbii qazın bərpası üzrə 2,6 mln. manat dəyərində dəymiş ziyan hesablanıb
Energetika
13 Mart , 2017 11:53
Əkbər Hacıyev: Ötən il təchizat şəbəkəsində qaz itkisi azalıb

Bakı. 13 mart. REPORT.AZ/ Həyata keçirilmiş tədbirlər nəticəsində 2016-cı ildə 2015-ci illə müqayisədə təchizat şəbəkəsində qazın itkisi azalıb.

“Report” xəbər verir ki, bunu“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib.

O qeyd edib ki, 2016-cı ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilib: “Birlik tərəfindən ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qazpaylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilib. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidən qurulması məqsədi ilə Birlik tərəfindən 2016-cı il ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib”.

“Azəriqaz”ın baş direktorunun sözlərinə görə, ölkə ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub.

Ə.Hacıyev həmçinin qeyd edib ki, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir: “Bunun nəticəsidir ki, ötən il ərzində Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 manat dəyərində dəymiş ziyan hesablanıb”.

Son xəbərlər

Orphus sistemi