Bakı. 9 fevral. REPORT.AZ/ Dünya miqyasında şist neft hasilatı 2040-cı ilə qədər artmağa davam edəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları İdarəsinin "2018-ci il enerji icmalı" hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, baza ssenarisinə görə, ABŞ-da məcmu hasilat 11-12 mln. barel/gün səviyyəsində tarazlanacaq. Xatırladaq ki, ötən həftə ABŞ-da neft hasilatı 10,25 mln. barel/günə yüksəlib. OPEC-in proqnozlarında isə şist neft hasilatının 2020-ci ildə pik həddə çatacağı və sonra geriləməyə başlayacağı bildirilir.
EIA-nın proqnozlarına əsasən, ABŞ-da daxili tələbatın azalması, enerji effektivliyinin artması və alternativ enerji mənbələrindən istifadənin artması fonunda ölkənin 2022-ci ildən etibarən xalis neft ixracatçısına çevriləcəyi gözlənilir. Lakin bu vəziyyətin 2045-ci ilə qədər davam edəcəyi proqnozlaşdırılır. EIA-ya görə, neft qiymətlərində artım davam edəcək və 2050-ci ildə "Brent" markalı neft bugünkü qiymətlərlə 114 dollar/barelə satılacaq.