​Əfqan İsayev: "İtaliya Cənub Qaz Dəhlizini maliyyələşdirmək istəyirsə, müraciət edə bilər"

​Əfqan İsayev: "İtaliya Cənub Qaz Dəhlizini maliyyələşdirmək istəyirsə, müraciət edə bilər" Gələcəkdə Cənub Qaz Dəhlizi ilə digər ölkə və şirkətlərin də qazı nəql oluna bilər
Energetika
21 Noyabr , 2014 10:23
​Əfqan İsayev: İtaliya Cənub Qaz Dəhlizini maliyyələşdirmək istəyirsə, müraciət edə bilər

Bakı. 21 noyabr. REPORT.AZ/ Cənub Qaz Dəhlizi (CQD) çərçivəsində təbii qazın nəqlinin həcmi ilk vaxtlar 23,4 mlrd. kubmetr olacaq, boru xətti tam işə düşəndən sonra isə 33 mlrd. kubmetrə çatacaq. “Report”un xəbər verdiyi kimi, bunu Bakıda keçirilən II Azərbaycan - Xəzər dənizi Neft-Qaz Həftəsinin ikinci iş günü çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Cənub Qaz Dəhlizi layihəsinin baş direktoru Əfqan İsayev bildirib.

Ə.İsayevin sözlərinə görə, layihənin ümumi dəyəri 40-45 mlrd. dollar təşkil edir: "Dünya mediasında yayılan məlumatlara görə, layihənin ümumi həcmi 40-45 mlrd. dollardır. Düşünürəm ki, bu rəqəm 45-50 mlrd. dollara qədər yüksələ bilər".

CQD ilə başqa ölkələrin qazının daşınması ilə bağlı suala aydınlıq gətirən SOCAR nümayəndəsi bunun mümkün olduğunu deyib:"Əslində, ilk olaraq yalnız Azərbaycan qazını dünya bazarına çıxarmağa düşünürük. Amma bizim imkanlarımız genişdir. Əgər gələcəkdə hansısa ölkə, yaxud şirkət müraciət edərsə, maraqlarımız çərçivəsində buna şərait yarada bilərik".

Ə.İsayev İtaliyanın CQD-nin maliyyələşməsində iştirakı imkanları ilə bağlı verilən suala cavabında deyib ki, hələlik İtaliya tərəfi maliyyələşmədə iştirak etmir: "Hələlik İtaliya maliyyələşmədə iştirak etmir. Əslində, layihənin ən qısa hissəsi İtaliya ərazisindədir. Son dayanacaqla bağlı bir neçə variant var, lakin dəqiq yer hələ bəlli deyil. Düşünürəm ki, əgər rəsmi Roma layihəni maliyyələşdirmək istəyirsə, biz buna hazırıq. TAP-ın mərkəzi İsveçrədə, TANAP-ın mərkəzi Türkiyədə, CQD-nin və "Şahdəniz"in mərkəzi isə Bakıdadır. Buyurub, müraciət edə bilərlər".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi TAP və TANAP boru kəmərlərinin inşası, həmçinin "Şahdəniz" yatağının işlənməsi layihələrinin icrasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi