EBRD TANAP-ın tikintisi üçün 500 milyon dollar maliyyə vəsaiti ayırıb

EBRD TANAP-ın tikintisi üçün 500 milyon dollar maliyyə vəsaiti ayırıb TANAP Azərbaycan qazının Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir
Energetika
18 Oktyabr , 2017 19:33
EBRD TANAP-ın tikintisi üçün 500 milyon dollar maliyyə vəsaiti ayırıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "Cənub Qaz Dəhlizi" QSC-yə 500 milyon dollar maliyyə ayırıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə EBRD-nin yaydığı yazılı açıqlamada bildirilib. 

Məlumata görə, bu kredit Azərbaycan şirkətinə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi məqsədilə ayrılıb. 

Açıqlamada EBRD-nin İdarə Heyətində "Cənub Qaz Dəhlizi" QSC-yə TANAP-ın tikintisi məqsədilə 500 milyon dollar kredit ayrılması barədə qərarın təsdiqləndiyi vurğulanıb. 

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılıb. Onun səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. 

Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. 

Son xəbərlər

Orphus sistemi