EBRD Azərbaycanın energetika sektorunda sahibkarlığın dəstəklənməsinə maraq göstərir

EBRD Azərbaycanın energetika sektorunda sahibkarlığın dəstəklənməsinə maraq göstərir
Energetika
25 Noyabr , 2017 12:14
EBRD Azərbaycanın energetika sektorunda sahibkarlığın dəstəklənməsinə maraq göstərir

Bakı. 25 noyabr. REPORT.AZ/ Energetika Nazirliyində nazir müavini Gülməmməd Cavadovla Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) vitse-prezidenti Alain Pillouxun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, görüşdə tərəflər arasında əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri, eləcə də “Enerji üzrə müstəqil tənzimləyici orqanın təsis edilməsinə dəstək layihəsi”nin icrası ilə bağlı məsələlər müzakirə edilib. 

Nazir müavini EBRD ilə əməkdaşlığın ölkəmizin enerji sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib. O, “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə əməkdaşlıq barədə Bankla imzalanmış Niyyət Protokolundan danışaraq bildirib ki, bu sənəd ölkədə enerji üzrə müstəqil tənzimləyici orqanın yaradılmasına dəstəyi təmin edəcək. Dəstək layihəsi çərçivəsində “Müstəqil tənzimləyici orqan haqqında” qanun layihəsi işlənəcək və bu orqanın yaradılmasına texniki kömək göstəriləcək.

A.Pilloux isə Azərbaycanla əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək bir sıra enerji layihələrində mövcud dəstəyin gələcəkdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində davam etdirilməsinin mümkünlüyünü bildirib. Vitse-prezident energetika sektorunda sahibkarlığın dəstəklənməsi layihələrinə maraqlarını diqqətə çatdırıb. 

Bank rəsmisi müstəqil tənzimləyici orqanın yaradılması və qanunvericilik bazasının hazırlanmasında hər cür köməyi göstərməyə hazır olduqlarını bir daha qeyd edib. O eyni zamanda Bankın fəaliyyəti tarixində ən böyük əməkdaşlıq müqaviləsinin Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi çərçivəsində bağlandığını vurğulayaraq layihənin uğurla reallaşması üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Görüşdə həmçinin energetika sektorunda islahatların aparılması, enerji bazarının liberallaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycanın E5P Fondu (Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığı Fondu) ilə əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi