Yuxarı

​"E.ON" şirkətinin işçilərinin uşaqları üçün Azərbaycanda yay düşərgəsi təşkil edilib

Görüşün sonunda xatirə şəkli çəkdirilib

Bakı. 29 iyul. REPORT.AZ/ İyulun 29-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov "E.ON" şirkətinin əməkdaşlarının uşaqları üçün Azərbaycanda təşkil olunmuş yay düşərgəsi proqramının iştirakçılarını qəbul edib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

O, almaniyalı uşaqlara 2013-cü il sentyabrın 19-da SOCAR və "E.ON" şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlər genişləndiyini deyib. Müqaviləyə əsasən, artıq iki dəfə (2014 və 2015-ci illərdə) SOCAR şirkəti əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri təşkil edilib. Azərbaycanlı məktəblilər Almaniyadan maraqlı və dolğun təəsüratla qayıdıb, öz təəssüratlarını yaşıdları ilə bölüşüblər.

Bu il almaniyalı uşaqlar üçün Azərbaycanda ilk dəfə yay düşərgəsi təşkil edilir. Azərbaycanın və SOCAR-ın Almaniyada daha geniş tanıdılması və təbliği üçün bu proqramın geniş imkanlar açdığı və məktəblilər vasitəsilə möhkəm təməlin qoyulduğu qeyd olunub. Onun dediyinə görə, ölkəyə gəlmiş 20 məktəbli üçün maraqlı səyahət və istirahət proqramı hazırlanıb. Azərbaycanda tarixən almanların məskunlaşdığı şəhərlərin olduğunu xatırladan X.Məmmədov həmin ərazilərə, habelə ölkənin tarixi yerlərinə səfərlərin uşaqlarda böyük maraq doğuracağını bildirib, almaniyalı məktəblilərə xoş istirahət arzulayıb.

Azərbaycanda yay düşərgəsinin iştirakçısı hüququnu qazanmış uşaqlar iyulun 27-dən avqustun 9-dək ölkəyə səfər çərçivəsində İçərişəhərdə, Qalada, Qobustan qoruğunda, Şəkidə, Şamaxıda, İsmayıllıda, Qəbələda, Oğuzda olacaq, onlar üçün Heydər Əliyev Mərkəzinə, Qız qalasına, Şirvanşahlar sarayına, Azərbaycan Tarixi Muzeyinə, Bayraq Meydanına, Kristal saraya, Atəşgah məbədinə, Şamaxı Rəsədxanasına, Şəki Xan Sarayına, o cümlədən Olimpiya Stadionuna ekskursiyalar təşkil ediləcək. Düşərgə iştirakçıları arasında maraqlı intellektual oyunlar və yarışlar keçiriləcək. Bu da onların Azərbaycanı daha yaxından tanımasına kömək edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi