Yuxarı

​Ekspertlər: Dünya neft bazarında qeyri-sabit qiymətlər treyderlərə əlavə dividendlər vəd edir

2008-2009-cu illərdə yaranmış analoji vəziyyət neft şirkətlərinin rekord həddə gəlir əldə etməsinə səbəb olub

Bakı. 17 fevral. REPORT.AZ/ Nüfuzlu "The Financial Times" qəzeti Londonda keçirilən Beynəlxalq Neft Həftəsi günlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkil etdiyi tədbirdə iştirak edən ekspertlərin səsləndirdiyi fikirlərlə bağlı analitik məqalə hazırlayıb. "Report" həmin məqləni təqdim edir.

Dünya neft bazarında bir neçə il davam edən sabitlikdən sonra, gəlirliliyin azalmasından və rentabelliyin düşməsindən neft tədarükçüləri 2008-ci ildə baş verən maliyyə böhranından sonra ilk dəfədir öz mənfəətləri üçün faydalanmağa çalışırlar.

Bazarda xam neftin və neft məhsullarının saxlanması, satışı və tədarükünə nəzarət edən "Glencore", "Gunvor", "Mercuria", "Trafigura" və "Vitol" kimi iri şirkətlər üçün neft bazarında baş verən bu "partlayış" fayda gətirə bilər.

"2015-ci il maraqlı il ola bilər. Qiymətlər tez-tez dəyişir və qeyri-müəyyənlik yaranıb. Neft ucuzlaşıb, maliyyə xərcləri artıb, kontanqo yaranıb", - "Oliver Wyman" beynəlxalq konsaltinq şirkətinin Sürixdəki (İsveçrə) tərəfdaşı olan Roland Rexştayner qeyd edib.

Bununla yanaşı vurğulanır ki, 2008-2009-cu illərdə yaranmış analoji vəziyyət neft şirkətlərinin rekord həddə gəlir əldə etməsinə səbəb olub. Kontanqo yüksək həddədirsə, neft əməliyyatçıları bundan pul qazanmağa çalışır, nefti alaraq saxlayır, sonra isə onu fyuçers bazarında baha qiymətə satırlar. Məsələn, neft əməliyyatçısı hazırda neftin bir barelini 61 dollara ala və onu dekabr ayında 67 dollara sata bilər. Münasib infrastruktura və maliyyə yatırımı imkanlarına malik olan şirkətlər üçün kontanqo bazarda əhəmiyyətli gəlir gətirə bilər.

Hazırda bazarda neft ehtiyatları yaradılıb, bu da öz növbəsində saxlanma infrastrukturunun mövcudluğunu, həmçinin maliyyə xərcləri, mühafizə və sığorta qaydalarının da təmin olunmasını tələb edir. 

"Bu bizim ticarət fəaliyyətimizin bir hissəsidir və belə xidmətlərə bazarda tələbat var", - "Mercuria" (İsveçrə) neft ticarəti şirkətinin həmtəsisçisi Daniel Jaeggi deyir.

Məqalədə qeyd olunur ki, maliyyə böhranı baş verdiyi dövrdən etibarən neft qiymətlərindəki dəyişkənliyin intensiv xarakter alması, böyük həcmdə neft alıb-satan sənaye nəhənglərinin rentabellik məsələsində nikbin olmaları üçün daha bir səbəb doğurur. 

"Neftin qiymətinin tez-tez dəyişməsi neft satışı ilə məşğul olan əməliyyat şirkətləri üçün faydalıdır", -"Trafigura" neft ticarəti şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə maliyyə direktoru Kristof Salmon deyir. "Neftin qiyməti nə qədər çox dəyişirsə, əmtəə satışı da bir o qədər çox olur".

Bir çox iri neft tədarükü şirkətləri əsas aktivlərin əldə edilməsi istiqamətində irəliləyişə nail olmaq məqsədilə neft emalı zavodları, eləcə də neft yataqları, anbarlar və limanlar alırlar. "Gunvor" şirkətinin Avropada iki neft emalı zavodu var, "Vitol" isə "Carlyle" şirkətləri isə birlikdə iki zavodun səhmlərinə sahibdir.

Neftin qiymətinin düşməsi həmçinin treyderlərin dövriyyə kapitalının da yüksəlməsinə səbəb olub. Çünki xam neftin bir bareli 100 dollara deyil, 60 dollara satıldığından neft tankerinin alınması üçün çəkilən sərmayə azalır. Aşağı faiz dərəcələri də neft ticarəti şirkətlərinin dövriyyə kapitalının artmasına imkan yaradır.

Bundan əlavə, bank ekspertlərinin ehtimallarına görə, satış borclarının vaxtından əvvəl qaytarılması, o cümlədən neft əməliyyatları ilə bağlı kreditlərin verilməsi çoxala bilər. Çünki istehsalçılar neftin qiymətindəki ucuzlaşmanı müşahidə etdiklərindən başqa maliyyə mənbələri axtara bilər. Neft ticarəti ilə məşğul olan şirkətlər satışdan yaranan borcların vaxtından əvvəl ödənilməsində maraqlıdır, çünki bu maliyyə vəsaitləri bir neçə il ərzində aylıq tədarük üçün zəmanət mənbəyi rolu oynayır.

Lakin eyni zamanda, hazırkı bazar şərtləri əvvəlki illərlə müqayisədə daha yaxşı olsa da, 2015-ci ildə gəlirliliyin iri neft şirkətləri üçün 2008-2009-cu illərdəki kimi rekord nəticə göstərəcəyinə inam elə də çox deyil.

"Hər şey yaxşıdır, amma elə də yaxşı deyil. Rəqabət yüksəkdir", - Cenevrədə yerləşən digər neft ticarəti evinin rəhbəri bəyan edir.

K.Salmon hesab edir ki, imkanlar genişləndikcə, risklər də artır. Əgər risklərin idarə olunması və onlara nəzarətlə bağlı güclü idarəetmə sistemi mövcuddursa, deməli, bazar şərtləri də yaxşıdır.

Digər tərəfdən bildirilir ki, bazarda neft ehtiyatlarının saxlanması barədə gəzən söz-söhbətlər həddindən artıq şişirdilib, çünki "Brent" və WTI markalı xam neftin kontanqosu o qədər də yüksək deyil ki, neft ehtiyatlarının saxlanmasına bu qədər böyük ehtiyac yaransın.

"Ehtiyatın saxlanmasını labüd edən iki həftəlik kiçik bir imkan yaransa da, hazırda buna ciddi ehtiyac yoxdur. Heç bir halda neft məhsullarının qiymətlərində kontanqo yaranmayıb", - "Vitol" neft ticarəti şirkətinin rəhbəri Yan Teylor qeyd edir.

D.Jaegginin dediyinə görə, 2015-ci il ilə bağlı əvvəlcədən proqnoz vermək çox tezdir. Ötən il də müşahidə olunduğu kimi, əmtəə bazarları qısa vaxt ərzində gözlənilməyən sürprizlərlə qarşılaşa bilərlər. Beləliklə də neft ticarəti ilə məşğul olan sənaye şirkətlərində etibarlı proqnozlaşdırma mövcud deyil: "Ticarət əməliyyatlarının yekunu da satış əməliyyatlarının başlanması mərhələsi qədər vacibdir və hadisələrin necə cərəyan edəcəyindən asılıdır, cari ilin necə davam edəcəyini əvvəlcədən demək çətindir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi