Tədarüklə bağlı narahatlıqların səngiməsi fonunda neft cüzi ucuzlaşıb.
“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,17% ucuzlaşaraq, 1 bareli 93,12 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,07% aşağı düşərək, 1 bareli 92 ABŞ dolları təşkil edib.
Dünən Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Rusiya Silahlı Qüvvələrinin təlimlərin başa çatması ilə əlaqədar daimi dislokasiya yerlərinə qayıtdığını açıqlayıb. Bazarlar bunu Ukrayna ətrafında gərginliyin azlması kimi qəbul edib, bununla da tədarüklə bağlı narahatlıqlar bir qədər səngiyib.
Amerika Neft İnstitutu (API) ötən həftə ərzində ABŞ-da neft ehtiyatlarının 1,076 milyon barel azaldığını açıqlayıb. Analitiklər isə ehtiyatların 1,769 milyon barel azalacağını gözləyirdilər. Hazırda ABŞ-ın Energetika Nazirliyinin ölkədəki neft ehtiyatları ilə bağlı rəsmi açıqlaması gözlənilir.