Dünya Bankı Azərbaycanın “yaşıl enerji” və elektrik enerjisinin iri ixracatçısına çevrilməsi üçün 5 şərti açıqlayıb

Energetika
  • 04 avqust, 2023
  • 17:51
Dünya Bankı Azərbaycanın “yaşıl enerji” və elektrik enerjisinin iri ixracatçısına çevrilməsi üçün 5 şərti açıqlayıb

Bərpa olunan enerji (BOE) sahəsində yeni layihələr Azərbaycana “yaşıl enerji” və elektrik enerjisinin iri ixracatçısına çevrilməyə imkan verəcək və burada vahid alıcı modeli (SBM) mərkəzi rol oynaya bilər.

Bu barədə “Report” Dünya Bankının “Azərbaycanda elektrik enerjisi bazarının liberallaşdırılması üçün keçid mexanizmlərinin inkişafına dəstək” layihəsi üzrə hesabatına istinadən xəbər verir.

Eyni zamanda,Bank iqtisadçıları hesab edir ki, buna 5 şərtə əməl etməklə nail olmaq mümkündür:

- elektrik enerjisi resurslardan səmərəli istifadə etməklə, SBM çevik dispetçerliyi asanlaşdıracaq ki, bu da sistemə daha çox BOE-nin daxil edilməsinə imkan verəcək. Bu, ölkənin BOE potensialını maksimum dərəcədə artırmağa kömək edəcək;

- daxili tələbatın ödənilməsi üçün istilik gücündən daha səmərəli istifadə daha çox “yaşıl” elektrik enerjisinin ixracına imkan verəcək. Bu, elektronlar, "yaşıl hidrogen" və ya ammonyak ola bilər;

- təklif olunan SBM modeli ümumi sistem xərclərini və çarpaz subsidiya tələblərini azaldacaq. Bu, rəqabəti effektiv şəkildə qorumaq üçün mövcud operatorlara mütləq təsir edən inzibati tədbirlərin azaldılması deməkdir. Giriş maneələrinin azaldılması ilə sektorun dövlət tərəfindən maliyyələşdirilməsinə olan tələblər azaldılır;

- SBM-də nəzərdə tutulduğu kimi, daha şəffaf və xərcləri əks etdirən qiymət rejimi müstəqil investorlarda dəyişən bərpa olunan enerji və ənənəvi istehsal aktivlərinə inam yaradacaq. Bu, Azərbaycana özəl investisiyaları cəlb edəcək və subsidiyalara ehtiyacı daha da azaldacaq. Bununla belə, bu, yeni investorların qaz qiymətləri tam dəyərindən xeyli aşağı olan zavodlarla rəqabət apara bilməyəcəkləri qorxusunu aradan qaldırmır;

- SBM daha çox müxtəlif müqavilə variantlarına imkan verəcək. İxrac qiyməti də daxil olmaqla, təklif olunan zəmanətli qiymət qüvvəsini itirən kimi generatorlar elektrik enerjisini ikitərəfli əsasda sata biləcəklər. Bu, sahəni birbaşa xarici investisiyalar üçün cəlbedici edəcək.

“Elektrik enerjisinin ixracı ölkə üçün getdikcə daha aktual mövzuya çevrilir. Strateji mövqeyinə baxmayaraq, Azərbaycan hazırda qonşu sistemlərlə az miqdarda elektrik enerjisi mübadiləsi aparır. Hazırda, xüsusilə BOE-nin inkişafı ilə əlaqədar olaraq, beynəlxalq elektrik ticarətinin genişləndirilməsi üçün fiziki, eləcə də iqtisadi məhdudiyyətlər mövcuddur. Zəngəzurdan Türkiyəyə və sonda Avropa bazarlarına uzanan layihə üçün ilkin araşdırmalar aparılır, həmçinin Qara dənizin dibi ilə Gürcüstandan Rumıniyaya kabel çəkilişi təklif edilir. 2022-ci il iyulun 18-də Aİ ilə Azərbaycan arasında gələcək üçün yol xəritəsi hesab olunan energetika sahəsində memorandum imzalanıb. Azərbaycanın coğrafi mövqeyindən istifadə etməklə qoşulma məsələsinə xüsusi diqqət yetirilir, lakin BOE-nin nisbətən böyük potensialına görə, hökumət, planlaşdırılmış gücün böyük hissəsi üçün ötürülmə və paylanmanı sisteminə daxil olmadan, bərpa olunan enerjinin ixracı üçün xüsusi ötürücü xətlər qurmağı planlaşdırır”, - hesabatda deyilir.

Dünya Bankı hesab edir ki, “Azərenerji” ASC-nin ötürücü şəbəkəsi, Şərq-Qərb axınına qoyulan məhdudiyyətlər istisna olmaqla, nisbətən məhdudiyyətsizdir: “Həmçinin bir neçə marşrut üzrə ixrac oluna biləcək kəmiyyətə məhdudiyyətlər var, hərçənd axınlara yeganə məhdudiyyət Gürcüstanla sərhəddə olacaq. Gürcüstanın elektrik enerjisinin ötürülməsi sistemindəki mövcud məhdudiyyətlər səbəbindən Türkiyə ərazisindən axınlar məhdudlaşdırıla bilər ki, bu da təbii ki, Azərbaycan tərəfinin tam nəzarətində deyil”.

Hərçənd, hesabat müəlliflərinin qeyd etdiyi kimi, son üç ildə Azərbaycanda həm milli, həm də beynəlxalq səviyyədə baş verən hadisələr bazara daxil olmaq üçün əlavə istiqamət verir.

“O cümlədən BOE-nin rolu 2018-ci ildə məlum olandan daha da artır. Xarici investorlar ümumi gücü 710 MVt olan üç günəş və külək elektrik stansiyası tikirlər. İkisi artıq tikilir, üçüncü stansiyanın tikintisi isə gələn il başlayacaq. Əlavə 4000 MVt gücündə günəş və külək elektrik stansiyasının tikintisi üçün daha ciddi planlar var. Bu, artıq icrası ilə bağlı sazişlər imzalanmış quruda və dənizdə külək, günəş və hidrogen layihələrinə aiddir.

Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur sıfır tullantılı “yaşıl enerji” zonaları elan edilib. Daha geniş miqyasda, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə hazırlanmış Dənizdə Külək Enerjisi Yol Xəritəsi 2040-cı ilə qədər ümumi quraşdırılmış gücü 7200 MVt olan külək elektrik stansiyalarının quraşdırılması potensialını göstərir”, - hesabatda qeyd edilir.

Beləliklə, Azərbaycanda ümumi enerji istehsal güclərində BOE-nin payının 2025-ci ildə hazırkı 17,3 %-dən 24 %-ə, 2030-cu ildə isə 30 %-ə çatdırılması planlaşdırılır.