Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyinin təsdiq etdiyi iş planına uyğun olaraq, Dövlət Enerji Nəzarəti İdarəsinin regional bölmələri tərəfindən enerji sistemin dayanıqlı və etibarlı işləməsinin təmin edilməsi ilə əlaqədar “Azərişiq” ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarələrində 2017-ci il üzrə baş vermiş qəza və işdə imtinalar araşdırılıb.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci ildə yanacaq-energetika kompleksində fəaliyyətə dair Hesabatında qeyd olunub.
Hesabata görə, 2017-ci il üzrə Energetika Nazirliyinə və bilavasitə Dövlət Enerji Nəzarəti İdarəsinə daxil olmuş 235 şikayət ərizəsi aidiyyəti üzrə regional bölmələrə göndərilib, həmin bölmələr tərəfindən vaxtında icrasının təmin olunmasına nəzarət edilmiş və nəticələri barədə tərtib edilmiş sənədlərin müvafiq qanunların, qaydaların tələblərinə uyğun hazırlanması yoxlanıb:
“Bunlardan 126 müraciət müsbət, 50 müraciət qismən həll olunub, 42 müraciət əsassız sayılıb, 20 müraciət isə icraatdadır. Dövlət Enerji Nəzarəti İdarəsinin müfəttişləri tərəfindən 2017-ci il üzrə ümumi gücü 29 555 kVt və 768 361 kVA olmaqla 1 042 obyektə istismara buraxılış aktı verilib. 2017-ci il ərzində Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən 3 559 sayda fərdi yaşayış evinin və 3 065 sayda idarə və müəssisənin layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb və 714 idarə və müəssisəyə, həmçinin əhali istehlakçılarına aid qazlaşma layihələrinə əsasən, görülmüş işlərin istismara qəbulu həyata keçirilib”.
Hesabat ili ərzində İdarəyə vətəndaşlardan bilavasitə və Nazirlikdən, ümumilikdə, 117 müraciət daxil olub və həmin müraciətlər də, əsasən, təbii qazın borcla əlaqədar kəsilməsi, qaz təchizatının qeyri-qanuni dayandırılması, təbii qazdan istifadə üzrə paylayıcı tərəfindən qeyri-qanuni borcların hesablanması, qaz xətlərinin çəkilişi kimi məsələlərlə bağlı olub:
“Qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən öz səlahiyyətləri çərçivəsində 2017-ci il ərzində büdcədən maliyyələşən 1 554 müəssisədə qazın nəqli, paylanması, istifadəsi və satışında, həmçinin sənaye və istehsalçı qaz qurğularının, avadanlıqlarının, kəmərlərinin və digər obyektlərinin layihələndirilməsində və yenidən qurulmasında qaz resurslarından səmərəli istifadənin və etibarlı istismarın təmin edilməsində normativ hüquqi aktların, mövcud istismar və qazdan istifadə qaydalarının və təlimatların tələblərinə əməl edilməsinin vəziyyəti araşdırılıb. Aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, əksər subyektlər tərəfindən “Qaz təchizatı haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Ölçmələrin vəhdətinin təmin olunması haqqında” qanunların və Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın bir sıra tələbləri pozulub. Aparılmış yoxlama zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqlar barədə yerlərdə müvafiq aktlar tərtib olunub və onların aradan qaldırılması üçün uyğun olaraq 1 059 ədəd göstəriş verilib. Hesabat ili ərzində İdarə tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 101 sayda inzibati xəta üzrə işə baxılıb və ayrı-ayrı hüquqi, fiziki və vəzifəli şəxslərə, ümumilikdə, 9 250 manat məbləğində inzibati cərimə tətbiq edilib”.