​Dövlət Miqrasiya Xidmətində SOCAR və BP şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

​Dövlət Miqrasiya Xidmətində SOCAR və BP şirkətlərinin nümayəndələri ilə görüş keçirilib Dövlət Miqrasiya Xidməti: Əcnəbi mütəxəssislərin enerji layihələrinə cəlb olunması prosesinə çevik, operativ yanaşma davam edəcək
Energetika
9 Oktyabr , 2015 16:08
​Dövlət Miqrasiya Xidmətində SOCAR və BP şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təmsilçiləri və “BP Exploration (Caspian Sea) Ltd.” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi ilə görüşüb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, görüşdə “BP Exploration (Caspian Sea) Ltd.” şirkətinin rəhbəri Qordon Birel (Gordon Birrell) Azərbaycanın neft-qaz sektorundakı işlərin yüksək səviyyədə davam etdiyini bildirib.

O, "Şahdəniz-2”, dayaz sulu “Abşeron” yatağı üzrə geoloji-kəşfiyyat layihələrinə hazırlıq işləri haqqında məlumat verib. Qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarı, həmçinin “Şahdəniz-2” layihəsinin tikinti fazası mərhələsində ölkənin miqrasiya qanunvericiliyinə tam əməl olunur. 2013-cü ildə imzalanmış “BP-nin idarə etdiyi layihələrə cəlb olunmuş kadrların milliləşdirilməsi sahəsində əməkdaşlığa dair SOCAR və BP arasında protokol”a uyğun olaraq transmilli neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının təmsil olunmalarının göstəricilərinin artırılması gündəlik diqqət mərkəzindədir.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib ki, son illər Azərbaycanın enerji strategiyası çərçivəsində əldə olunan nailiyyətlər sevindiricidir və işlərin ahənginin bu şəkildə davam etməsi üçün Dövlət Miqrasiya Xidməti gələcəkdə də öz dəstəyini əsirgəməyəcək. O, milliləşmə siyasəti ilə bağlı SOCAR-ın, BP şirkətinin və podratçı müəssisələrin nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, bundan sonra da neft-qaz sektorunda işlərin qrafikə uyğun davam etməsi məqsədilə yüksək səviyyəli, zəngin təcrübəyə malik əcnəbi mütəxəssislərin layihələrə cəlb olunmaları prosesinə Dövlət Miqrasiya Xidməti tərəfindən çevik, operativ yanaşma davam edəcək.

F.Nəbiyev qeyd edib ki, qarşılıqlı əlaqələrin inkişafı, gündəlik işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə töhfə verir.

Görüşün sonunda qarşıdakı illər ərzində işlərin genişlənməsinə rəğmən, milliləşmə strategiyasının önəmi bir daha qeyd olunub. Eyni zamamda, SOCAR və BP tərəfindən neft və qaz sənayesindəki yerli peşəkar kadrların inkişafını dəstəkləmək üçün işəgötürmə kampaniyalarının, təhsil və təlim proqramlarının təşkili istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi