Dövlət başçısı: "Enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atılıb"

Dövlət başçısı: "Enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atılıb" Bakı. 9 oktyabr. REPORT.AZ/ İnfrastruktur layihələri ilə bağlı ilin sonuna nəzərdə tutulan bütün məsələlər öz həllini tapır. Qazlaşdırma 94 faizə çatıb, hədəf 95 faiz idi, ilin sonuna qədər biz buna nail olacağıq.
Energetika
9 Oktyabr , 2018 22:52
Dövlət başçısı: Enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atılıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ İnfrastruktur layihələri ilə bağlı ilin sonuna nəzərdə tutulan bütün məsələlər öz həllini tapır. Qazlaşdırma 94 faizə çatıb, hədəf 95 faiz idi, ilin sonuna qədər biz buna nail olacağıq".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu ilin sonuna qədər “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur: "Bu, bizim sistemimizə əlavə 400 meqavat enerji verəcək. Bu, çox böyük gücdür. Eyni zamanda, enerji sistemimizdə çox ciddi islahatlar, təhlil aparılır. Yay ayında baş verən o qəzanın səbəbləri tam araşdırılıb və müvafiq inzibati ölçülər götürülüb. İnvestisiya qoyuluşu, bizim enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atılıb, bu işlərə beynəlxalq məsləhətçilər cəlb edilib. Biz bu il və gələn il bu sahəyə əlavə vəsait ayıracağıq ki, həm generasiya güclərinin yaradılması, ötürücü xətlərin, yarımstansiyaların tam dayanaqlılığı təmin edilsin. Eyni zamanda, mövcud stansiyaların generasiya güclərinin artırılması üçün əlavə addımlar atılacaq. Çünki vaxtilə tikilmiş stansiyalar tam gücü ilə işləmir. Mənə məlumat veriləndə cədvələ baxıram ki, 80 meqavat nəzərdə tutulub, cəmi 15 meqavat işləyir. Bunları belə səmərəsiz şəkildə istismar ediblər ki, onların bəziləri demək olar ki, öz potensialını itirib. Biz bunları bərpa edəcəyik. Təbiidir, müəyyən qədər vaxt lazım olacaq. Ancaq bu sahədə tam yeni bir yanaşma olmalıdır. Biz bu gün də elektrik enerjisini ixrac edirik, bizdə kifayət qədər potensial var. Gələcəkdə özümüzü perspektivləri nəzərə alaraq təmin etməklə ixracımızı da artıracağıq".

Azərbaycan Prezidenti deyib ki, digər infrastruktur layihələri ilə bağlı işlər qrafik üzrə gedir: "Bu il 1200 kilometr yol çəkilib. Hədəf 2000 kilometr idi. Biz bu hədəfə çatacağıq. Bu il 600 kəndin yolları abadlaşdırılır. İçməli su layihələri, meliorativ tədbirlər uğurla icra edilir. Bu il biz 100 min hektar torpağa su gətirmişik, 270-dən çox subartezian quyusu qazılıb, hələ ilin sonuna qədər 30-u da qazılacaq.

Mən burada bəzi layihələri səsləndirmək istərdim, meliorativ tədbirlərlə bağlı konkret hansı addımlar atılıb. Yuxarı Mil kanalının tikintisi nəticəsində 1900 hektar, Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində, Qarasu kəndində görülən işlər 2720 hektar, Abşeron yarımadasında Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması nəticəsində 7 min hektar, Şəmkir-Samux-Goranboy suvarma kanalının ikinci növbəsi təxminən 12 min hektar, Neftçala magistral kanalının nasos stansiyasının birlikdə tikintisi 12 min 500, Araz çayının yeni qolunun beton üzlüyə alınması 13 min 100, Şabran rayonu 1700, Qax rayonu 900 hektara yaxın, Xəzər, Pirallahı, Xızı rayonlarında meyvə bağlarının salınması 1600, Xəzər rayonunun Qoşaqışlaq ərazisində 750, Sabirabad, Salyan rayonlarında yerləşən qış otlaqlarında 11 min, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndinin əkin sahələrinin təminatının yaxşılaşdırılması üçün “H” kanalının yenidən qurulması 7500, Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı, İkinci Şıxlı kəndlərinin əkin sahələrinin su ilə təminatı üçün 500, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin suvarılması ilə bağlı 280, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması nəticəsində Xızı, Siyəzən, Şabran rayonlarında 20 minə hektara yaxın və digər layihələr, o cümlədən subartezian quyular 8700 hektar. Cəmi bir il ərzində, bax, bu qədər torpaq su ilə təmin edilib. Əlbəttə ki, biz məhsuldarlığı da artıracağıq. Artıq təkliflər hazırlanır, gələn il biz bu istiqamətdə əlavə işlər görəcəyik.

Sosial infrastrukturla bağlı bir neçə kəlmə demək istərdim. Bu il Bakıda iyirmiyə yaxın məktəb əsaslı təmir edilib, tikilib. Bölgələrdə yüzlərlə məktəb təmir edilib, o cümlədən 137 modul tipli məktəbin tikintisi nəzərdə tutulur. 42 tibb müəssisində təmir-tikinti işləri aparılmışdır".

Son xəbərlər

Orphus sistemi