Yuxarı
    Bağlamaq

    DGK sədri BP şirkətinin regional prezidentini qəbul edib

    Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

    Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

    Bu barədə “Report”a DGK-dan məlumat verilib.

    Sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanmasını xatırlayan DGK sədri bu əlamətdar hadisəni 2050-ci ilə qədər uzadılan “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr kimi xarakterizə edib. Xəzər dənizi hövzəsində hasil edilən neftin əlverişli geostrateji mövqeyə malik ölkəmizin ərazisi vasitəsilə dünya bazarına çıxarılmasının respublikamızın inkişafı baxımından həm iqtisadi, həm də strateji əhəmiyyət daşıdığını qeyd edən A.Əliyev, ümumiyyətlə, Azərbaycanda neft sektorunun inkişafı naminə BP şirkətinin gördüyü işlərdən söhbət açıb.

    Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən bəhs edən Komitə sədri, bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələri yerinə yetirdiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

    DGK sədri xüsusilə gömrük işini öyrənən gənclərin yüksək ixtisas alması, bilik və təcrübəsini artırması işinə diqqət yetirildiyini də söyləyib. Bu ilin iyulunda Azərbaycanın Qusar şəhərində “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransının da kadr potensialının artırılması işində irəliyə doğru növbəti mühüm addım olduğunu vurğulayan Aydın Əliyev bu konfransa göstərdiyi dəstəyə görə BP şirkətinin rəhbərliyinə minnətdarlığını bildirib. DGK sədri bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu da ifadə edib.

    Qəbula görə DGK sədrinə təşəkkür edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanda fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd edib. “Əsrin müqaviləsi”ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü xatırladan qonaq ötən illər ərzində DGK ilə birbaşa qurulan müsbət əlaqələrdən də bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.

    İxtisaslı kadrların yetişdirilməsi məsələsinə toxunan şirkət təmsilçisi, son dövrlərdə Azərbaycanda BP şirkətinin həyata keçirdiyi layihələrin icrasında iştirak edən yerli mütəxəssislərin sayının sürətlə artdığını, bunun da ölkənin peşəkar kadr potensialının güclənməsindən xəbər verdiyini diqqətə çatdırıb.

    Görüşdə, həmçinin hər iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması məqsədilə gələcəkdə keçiriləcək, xüsusilə gömrük sahəsində təhsil alan tələbələrin iştirak etdiyi tədbir və proqramlarda qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi