Yuxarı

"D230" blokunda BP və SOCAR bərabər paya sahib olacaq

Operatorluq məsələsi hələ müzakirə olunur

Bakı. 15 dekabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki "D230" bloku üzrə Hasilatın Pay Bölgüsü (PSA) sazişinin imzalanması üçün hazırlıq işləri uğurla davam edir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib: "Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə sazişin bütün müddəalarının tam hazır vəziyyətə gətirilməsi üçün çox sıx şəkildə çalışırıq. Saziş imazalandıqdan dərhal sonra iş proqramının icrasına keçiləcək". 

Q.Birrell dəqiq tarix bildirməsə də, sazişin tezliklə imzalanmasını gözlədiklərini bildirib. Onun sözlərinə görə, layihədə BP və SOCAR hər ikisi 50% paya malik olacaq. Operatorluq məsələsinə gəldikdə isə Q.Birrell bu məsələnin hələ müzakirə olunduğunu, amma ilkin iş proqramını BP-nin həyata keçirəcəyini qeyd edib.

Qeyd edək ki, bu il mayın 24-də BP ilə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki "D230" blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Blok "D230" suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3 000-5 000 metr olan əraziləri əhatə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi