D230 blokunda 2019-2020-ci illərdə seysmik tədqiqatın aparılması planlaşdırılır

D230 blokunda 2019-2020-ci illərdə seysmik tədqiqatın aparılması planlaşdırılır Bakı. 6 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən D230 blokunda 2019-2020-ci illərdə 3 ölçülü seysmik tədqiqatın həyata keçirilməsi planlaşdırılır.
Energetika
6 Fevral , 2019 16:57
D230 blokunda 2019-2020-ci illərdə seysmik tədqiqatın aparılması planlaşdırılır

Bakı. 6 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən D230 blokunda 2019-2020-ci illərdə 3 ölçülü seysmik tədqiqatın həyata keçirilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin (operator) D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədində qeyd edilib.

Sənədə əsasən, seysmik tədqiqatın müddəti maksimum 6 ayı əhatə edəcək.

“D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3,222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 m və 800 m arasında dəyişir. BP D230 bloku daxilində seysmik tədqiqat aparmağı planlaşdırır və bir tədqiqat profilinin blokun hüdudundan kənara çıxaraq D230 saylı blokun cənubundakı “Dan Ulduzu-Əşrəfi” kontrakt sahəsində yerləşən Əşrəfi-1 quyusunadək uzadılmasını nəzərdə tutur. Seysmik tədqiqatın məqsədi hövzə daxilində perspektiv karbohidrogen strukturlarını qiymətləndirmək olacaq. Bundan sonra isə gələcəkdə potensial kəşfiyyat qazma işləri üçün hədəf laylar müəyyənləşdirilə bilər”, - sənəddə bildirilib.

Sənəddə qeyd edilib ki, seysmik tədqiqat proqramı zamanı istifadə ediləcək tədqiqat gəmisi podratçı təyin edildikdən sonra təsdiqlənəcək.

Seysmik tədqiqat gəmisinin heyəti Bakıdan, yaxud yaxınlıqdakı dəniz bazalarının birindən mobilizasiya ediləcək.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. 

Son xəbərlər

Orphus sistemi