​“Çilov” yatağı üçün yeni özül layihələndirilib

​“Çilov” yatağı üçün yeni özül layihələndirilib 10 istismar quyusunun qazılması nəzərdə tutulur
Energetika
19 Noyabr , 2015 16:44
​“Çilov” yatağı üçün yeni özül layihələndirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ “Çilov” yatağı üçün yeni 140 saylı stasionar dəniz özülünün inşası nəzərdə tutulub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı SOCAR-ın “Neftqaztikinti” Trestidir.

10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 5-6 metr dərinliyində yerləşdiriləcək. Özül 40 nəfərlik yaşayış bloku, ən müasir qazma avadanlığı və kran, yanğından mühafizə sistemi, fontana qarşı avadanlıqlar, xilasedici qayıqlar, 80 kubmetrlik içməli su və 50 kubmetrlik yanacaq çənləri, eləcə də digər zəruri avadanlıqlarla təchiz ediləcək.

Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 5 ədəd dizel elektrik generatoru quraşdırılacaq, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək. Özüldən qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, özüldə istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.



Son xəbərlər

Orphus sistemi