AÇG və BTC-nin payçısı gəlirlərini açıqlayıb

AÇG və BTC-nin payçısı gəlirlərini açıqlayıb
Energetika
27 Aprel , 2019 13:44
AÇG və BTC-nin payçısı gəlirlərini açıqlayıb

ABŞ-ın ikinci ən böyük neft-qaz şirkəti olan “Chevron” bu ilin yanvar-mart ayları ərzində hər səhminə görə, 1,39 ABŞ dolları qazanıb. 

“Report”un şirkətin rüblük hesabatına istinadən verdiyi xəbərə görə, proqnozlarda isə həmin rəqəmin 1,30 dollar olacağı deyilib.

Amma ümumilikdə 2018-ci ilin eyni dövrü ilə müqayisədə “Chevron”un mənfəəti neft qiymətlərinin aşağı olması və hasilatın geriləməsi səbəbindən azalıb.

Bu ilin birinci rübündə “Chevron”un gəlirləri 27% azalaraq 2,65 mlrd. dollar olub. Nəticələrə görə, neft və təbii qaz istehsalı 7% artıb ki, bu da həcmin ikinci rübdə hər gün 3 mln. barelə çatacağını deməyə imkan verir.

Şirkətin “Upstream” biznesi ABŞ-da 100 mln. dollar artdığı halda, beynəlxalq neft-qaz hasilatından olan mənfəəti 12% geriləyərək 2,38 mlrd. dollara düşüb. “Downstream” əməliyyatları üzrə mənfəət isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 65% azalaraq 252 mln. dollara düşüb.

Rüb üzrə “Chevron”un xərclərində 64%-lik böyük dalğalanma qeydə alınıb və xərclər 726 mln. dollara çatıb. Bundan əlavə ümumi daxilolmalar 35,19 mlrd. dollar olub ki, bu da ötən illə müqayisədə 5% azalma deməkdir. Analitiklər isə bu rəqəmin 38,43 mlrd. dollar olacağını proqnozlaşdırmışdı.

Şirkət səhmdarlarına hər səhm üzrə 1,19 dollar ödəyib ki, bu da 7%-lik artım deməkdir.

Xatırladaq ki, “Chevron”un yer aldığı layihələr sırasında “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində payı var. Şirkət AÇG-də 9,57%, BTC-də isə 8,9% paya sahibdir.

Son xəbərlər