CESI: “Yaşıl hidrogen" sonrakı mərhələdə Qara dəniz enerji dəhlizinin bir hissəsi olacaq

CESI: “Yaşıl hidrogen" sonrakı mərhələdə Qara dəniz enerji dəhlizinin bir hissəsi olacaq Xəzər dənizi-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihəsi “yaşıl hidrogen"in inteqrasiyasını əhatə edir, lakin bu komponent reallaşdırılmanın sonrakı mərhələsində tətbiq olunacaq.
Energetika
4 aprel 2025 21:23
CESI: “Yaşıl hidrogen sonrakı mərhələdə Qara dəniz enerji dəhlizinin bir hissəsi olacaq

Xəzər dənizi-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihəsi “yaşıl hidrogen"in inteqrasiyasını əhatə edir, lakin bu komponent reallaşdırılmanın sonrakı mərhələsində tətbiq olunacaq.

“Report” xəbər verir ki, bu barədə CESI şirkətinin qlobal bazarlar və biznesin inkişafı üzrə direktoru Andrea Meola Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət Şuraları çərçivəsində Bakıda keçirilən nazirlərin görüşləri zamanı bildirib.

Onun sözlərinə görə, CESI ötən ildən bu layihənin texniki məsləhətçisi kimi fəaliyyət göstərir. A.Meola bu layihəni şirkətin tarixindəki ən mürəkkəb, lakin eyni zamanda perspektivli layihələrdən biri kimi təsvir edib.

“Bu, dörd ölkəni birləşdirən – Azərbaycan və Gürcüstandan başlayaraq, Qara dənizin dibi ilə Rumıniyaya və sonda Macarıstana çatan genişmiqyaslı infrastrukturdur. Bu, bütün region üçün son dərəcə vacib obyektdir. Biz ötən ilin əvvəlində araşdırmaya başlamışıq və ilkin nəticələri COP29-da təqdim etmişik. Onlar sonradan əlavələrlə tamamlanıb, maraqlı tərəflərlə razılaşdırılıb və ən son görüşlərdə razılaşdırılıb”, - CESI direktoru söyləyib.

A.Meola vurğulayıb ki, söhbət müxtəlif qoşulma seqmentləri vasitəsilə 4 QVt-a qədər gücün ötürülməsindən gedir. Onun sözlərinə görə, marşrutun quru hissələrində artıq bəzi zəruri infrastruktur var, lakin Qara dənizin dibi ilə hələlik sualtı əlaqə yoxdur - bu, bu tipli ilk elektrik kabeli olacağından bir sıra texniki çətinliklər yaradır.

“Tədqiqatın birinci hissəsi layihənin texniki imkanlarının qiymətləndirilməsinə yönəldilib. Biz təsdiq etdik ki, belə kabel çəkilə bilər”, - o qeyd edib.

Layihənin potensialından danışan A.Meola onun bərpa olunan enerjinin əhəmiyyətli həcmlərini - təxminən 35 QVt-ı inteqrasiya etmək qabiliyyətini vurğulayıb və bunun 25 QVt-nın Qafqaz regionunda, digər 10 QVt-nın isə Rumıniya və Macarıstanda gələcək layihələrdən əldə ediləcəyini söyləyib.

“Bu potensial artıq milli enerji planlarında nəzərdə tutulmuş həcmləri üstələyir. Birinci mərhələdə biz regionun potensialını qiymətləndirdik və enerjinin regionlararası ötürülməsi üçün biznes nümunəsi hazırladıq. Biz həmçinin “yaşıl hidrogen"in ötürülməsi ilə bağlı ssenarini də nəzərdən keçirdik, lakin sifarişçi ilə birlikdə onun həyata keçirilməsinin təxirə salınması qənaətinə gəldik. Bu o deməkdir ki, hidrogen layihənin bir hissəsi olacaq, lakin daha sonra, ilkin mərhələdə prioritet elektik enerjisinin ötürülməsinə veriləcək”, - deyə o, fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi