Yuxarı

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə Azərbaycanda 129 km borular qaynaq edilib

Gürcüstanda isə 52 kilometrə yaxın boru qaynaq edilib

Bakı. 22 avqust. REPORT.AZ/ "2016-cı ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca davam edib. Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam edib".

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.

Bildirilib ki, boru kəməri üzrə təqribən 129 km uzunluğunda borular artıq qaynaq edilib, 112 km boru örtüklənib və 85 km boru xəndəyə endirilib: "Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir. Boru kəmərinin Azərbaycan hissəsi üçün lazım olan boru tədarükünün hamısı artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir. Göyçayda ikinci üfüqi istiqamətdə qazma işləri də ilin II rübündə tamamlanıb".

Qeyd olunub ki, II rübdə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam edib: "Kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam edib və 52 km-ə yaxın boru qaynaq edilib, 28 km-dən çox boru örtüklənib, 17 km-ə yaxın boru isə xəndəyə endirilib. Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 57%, 2-ci kompressor stansiyasında isə 29% tamamlanıb. Ölçmə stansiyasının tikintisi 36% tamamlanıb və 2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi