Cənubi Qafqaz Boru Kəmərinin 61 km uzunluğunda boruları qaynaq edilib

Cənubi Qafqaz Boru Kəmərinin 61 km uzunluğunda boruları qaynaq edilib 2 km borular isə qrafiki qabaqlayaraq tikinti sahəsi boyunca düzülüb
Energetika
30 noyabr 2015 14:14
Cənubi Qafqaz Boru Kəmərinin 61 km uzunluğunda boruları qaynaq edilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin ilk üç rübündə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam edib.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin biznes əməliyyatları haqqında hesabatında qeyd olunub.

Bildirilib ki, boru seqmentlərinin saxlama sahələrinə gətirilməsi davam edib və Azərbaycan hissəsi üçün lazım olan boruların artıq yarıdan çoxu sahələrdədir.

"İyun ayının sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanmasından bəri tikinti işləri artmaqda davam edib. Təqribən 61 km uzunluğunda borular artıq qaynaq edilib, 2 km isə qrafiki qabaqlayaraq tikinti sahəsi boyunca düzülüb. Bu günə qədər Azərbaycanda boru kəməri marşrutu boyunca torpaq sahələrinin əldə olunması 99,7% başa çatıb. Gürcüstanda kəmər xəttinin inşasına iyul ayında başlanıb. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam edir", - sənəddə qeyd olunub.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Bu yatağın işlənməsi çərçivəsində hasil olunan qazın Avropaya ixracını nəzərdə tutan boru kəməri Gürcüstan-Türkiyə sərhəddində TANAP kəmərinə qoşulacaq.

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə Azərbaycan ərazisində yeni boru kəmərinin çəkilməsi və Gürcüstanda iki yeni kompressor stansiyasının tikintisi daxildir. Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstandadır. Diametri isə 42 düymdür.

Son xəbərlər

Orphus sistemi