BP-nin vitse-prezidenti: “Cənub Qaz Dəhlizinə digər mənbələrdən qazın qoşulması üçün texniki imkanlar var” - EKSKLÜZİV

BP-nin vitse-prezidenti: “Cənub Qaz Dəhlizinə digər mənbələrdən qazın qoşulması üçün texniki imkanlar var” - EKSKLÜZİV "BP olaraq biz Cənub Qaz Dəhlizinə qoşulacaq istənilən şirkətin təklifini iqtisadi və kommersiya dəyərləndirməsini həyata keçirməyə hər zaman hazırıq"
Energetika
28 Mart , 2019 17:11
BP-nin vitse-prezidenti: “Cənub Qaz Dəhlizinə digər mənbələrdən qazın qoşulması üçün texniki imkanlar var” - EKSKLÜZİV

"ABŞ hər zaman Türkmənistan qazını Azərbaycandan keçməklə Avropa bazarına çatdırılmasını nəzərdə tutan Trans-Xəzər qaz boru kəməri layihəsini dəstəkləyib və bu layihənin tərəfdarı olub. BP şirkəti də hər zaman bildirib ki, Cənub Qaz Dəhlizinə digər mənbələrdən qazın qoşulması üçün texniki imkanları var. İqtisadi və kommersiya cəhətdən də uyğun olarsa, biz bunu hər zaman müzakirə edə bilərik".

Bunu “Report”a açıqlamasında "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, BP hər zaman tərəfdaşlarla işləməkdə maraqlıdır: “Cənub Qaz Dəhlizində BP-nin payı var. Düşünürəm ki, Cənub Qaz Dəhlizinin hər üç hissəsi (Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP) ilə bağlı ayrı-ayrılıqda danışıqlar getməlidir və bununla bağlı qərar verən konsorsium üzvləri, strukturları, əməliyyat şirkətləri mövcuddur. Onlara uyğun olaraq da bu məsələlər müzakirə edilməlidir”.

BP rəsmisi bildirib ki, BP-nin bu layihəyə üçüncü tərəfin qoşulmasına etiraz edəcək səbəbləri yoxdur: “Boru kəmərləri inşa olunanda onların texniki imkanları elə qəbul edilir ki, onlar ehtiyac olduqda artırıla bilsin. Onun artırıla bilən şəkildə dizayn olunmasının səbəblərindən biri də odur ki, gələcəkdə lazım gələrsə, əlavə həcmlər olanda boru kəmərləri ilə göndərilməsi mümkün olsun. Ancaq hələlik Trans-Xəzər qaz boru kəməri layihəsinə bir maraq göstərən şirkətin və ya xüsusi bir dövlət olmadığı üçün, burada müzakirə olunacaq məsələ yoxdur. BP olaraq biz Cənub Qaz Dəhlizinə qoşulacaq istənilən şirkətin təklifini iqtisadi və kommersiya dəyərləndirməsini həyata keçirməyə hər zaman hazırıq. Bu dəyərləndirməyə etiraz edib-edilməyəcəyi isə təklifdən asılı olacaq”. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ümid edir ki, Türkmənistan bu yaxınlarda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsindən sonra Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacaq. ABŞ Prezidentinin Novruz bayramı münasibəti ilə türkmənistanlı həmkarı Qurbanqulı Berdiməhəmmədova ünvanladığı teleqramda deyilirdi ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcəyinə ümid edir. 

Qeyd edək ki, uzunluğu 300 kilometrə yaxın olan Trans-Xəzər qaz kəmərinin Xəzərin Türkmənistan sahillərindən Azərbaycan sahillərinədək çəkilməsi planlaşdırılır. Trans- Хəzər qaz kəməri layihəsi ildə 30 milyard kubmetr həcmində Türkmənistan təbii qazının ən azı 30 il müddətinə Avropa bazarlarına tədarükünü nəzərdə tutur. 

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilib. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

TANAP-la Türkiyəyə 2019-cu ildə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri bu ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. TANAP inşası üzrə işlərin, təxminən, 98 faizi icra olunub. TAP inşası üzrə isə işlərin 82 faizdən çoxu tamamlanıb.

Son xəbərlər

Orphus sistemi