Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə ümumilikdə təxminən 32 mlrd. ABŞ dollarına yaxın vəsait sərf edilib.
Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi,
“Report”un sorğusuna cavab olaraq “Cənub Qaz Dəhlizi” QSC-dən bildirilib ki, 2018-ci ilin sentyabr ayının sonuna “Şahdəniz 2” layihəsi üzrə 18,2 mlrd. dollar, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə 4,3 mlrd. dollar, TANAP layihəsi üzrə 5,7 mlrd. dollar və TAP layihəsi üzrə isə 3,2 mlrd. avro xərclənib.
"Şahdəniz -2" layihəsinin ümumi dəyəri 22,7 mlrd. dollar, CQBKG-nin 4,5 mlrd. dollar, TANAP-ın 8 mlrd. dollar, TAP-ın isə 4,5 mlrd. avro təşkil edir. Cənub Qaz Dəhlizində Azərbaycanın payına düşən layihə xərcləri 11,4 mlrd. dollardır.
QSC-dən bildirilib ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə avadanlıqlar və qurğular üzrə inkişaf 2018-ci ilin sentyabr ayının sonuna 91,7%, həmçinin Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə ümumi inkişaf 99,5% təşkil edib. TANAP-ın inşası üzrə işlərin 97,6%-i, TAP-ın inşası üzrə isə işlərin 80,7%-i icra edilib.
“Cənub Qaz Dəhlizi” QSC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.