Cəmil Məlikov: "Azərbaycan addım-addım külək enerjisini mənimsəmək niyyətindədir"

Cəmil Məlikov: "Azərbaycan addım-addım külək enerjisini mənimsəmək niyyətindədir" "Bəzi potensial investorlar artıq Bakı sahillərində külək turbinləri görmək istədiklərini bildirib"
Energetika
2 Dekabr , 2015 12:39
Cəmil Məlikov: Azərbaycan addım-addım külək enerjisini mənimsəmək niyyətindədir

Bakı. 2 dekabr. REPORT.AZ/ "Azərbaycanda 200 MVt gücə malik külək parkı layihəsi ölkənin yaxın gələcəkdə həyata keçirmək istədiyi çoxsaylı külək elektrik stansiyası (KES) tikintisi layihələrindən biridir".

"Report" xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov "SeeNews.Renewables"ə müsahibəsində deyib.

"200 MVt gücə malik külək parkı layihəsi həqiqətən yaxın illərdə reallaşdırmaq istədiyimiz çoxsaylı KES tikintisi layihələrindən biridir. Bu sahədə araşdırmalar gələn il başlayacaq", - C.Məlikov bildirib.

Sədr müavini dövlət agentliyinin külək elektrik enerjisini addım-addım mənimsəmək niyyətində olduğunu qeyd edib.

Bu layihədə dövlətin payının 10-15 % təşkil edəcəyi gözlənilir, amma qatqı investorların fəallığından asılı olaraq dəyişə də bilər. "Hazırda Almaniya, Çin və bir neçə yaxın ərəb ölkəsi ilə danışıq aparırıq. Bəzi potensial investorlar artıq Bakı sahillərində külək turbinləri görmək istədiklərini bildirib", - C.Məlikov vurğulayıb.

Layihənin dəyəri 415 mln. ABŞ dolları həcmində qiymətləndirilir.

Qeyd edək ki, hazırda Azərbaycanda enerji sistemi 7200 meqavatt təşkil edir. Bunun 4500 meqavattı külək, 1500 meqavattı biokütlə, 800 meqavattı geotermal, 350 meqavattı isə su elektrik stansiyalarının (SES) payına düşür.

Son xəbərlər

Orphus sistemi