Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib

Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib Qəsəbələrdə məskunlaşmış 4456 abonentin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb
Energetika
11 Mart , 2017 14:19
Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib
socar.az

Bakı. 11 mart. REPORT.AZ/ “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin bütün ərazisi boyunca həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində indiyədək təbii qaz almayan yaşayış məntəqələri intensiv surətdə qazlaşdırılır, respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 11-də Novruz bayramı ərəfəsində, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir. Bu məqsədlə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 200 min 555 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Boru xətlərinin 21109 metrini polietilen, 179 446 metrini isə metal borular təşkil edib. Qəsəbələrdə məskunlaşmış 4456 abonentin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənov çıxışında məcburi köçkünlərin sosial problemlərin həll edilməsinin dövlətin sosial siyasətinin prioritetlərindən olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını qeyd edib, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramların icrasından danışıb, bildirib ki, münaqişə ilə üzləşən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda sosial problemlərin vahid mərkəzdən, sistemli şəkildə idarə olunması görülən işlərin səmərəliliyini yüksəldir.

Tədbirdə çıxış edən SOCAR prezidenti R.Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində son illər qazanılmış nailiyyətlərdən danışıb, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkənin qazlaşdırılması proqramının icrasını şəxsən nəzarətdə saxladığını söyləyən R. Abdullayev ölkə ərazisinin 92%-dən çoxunun qazlaşdırıldığını söyləyib, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi