Yuxarı
    Bağlamaq

    “Caspian Energy” jurnalının 100-cü nömrəsi işıq üzü görüb

    Jurnalın bu nömrəsində əsas diqqət Xəzərdəki şirkətlərin investisiya fəallığı reytinqinə yönəldilib

    Bakı. 31 may. REPORT.AZ/ “Caspian Energy” jurnalının 100-cü yubiley nömrəsi işıq üzü görüb.

    “Caspian Energy”dən “Report”a verilən məlumata görə, jurnal Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən neft-qaz sahəsinin nümayəndələri üçün mühüm hadisə olan “Caspian Oil & Gas 2017” beynəlxalq sərgi və konfransının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Bu barədə "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

    Jurnalın bu nömrəsində əsas diqqət Xəzərdəki şirkətlərin investisiya fəallığı reytinqinə yönəldilib. Yekun nəticəyə görə, SOCAR Xəzərin həm Azərbaycan sektorunda, həm də Xəzər hövzəsinin bütün sahələrində yataqların işlənməsi ilə məşğul olan şirkətlərin reytinqində ilk yeri tutub. Qazaxıstanın milli “QazMunayQaz” şirkəti Xəzərdə perspektivli sahələrin kəşfi və işlənməsi layihələrinin investisiya reytinqində lider olub. “Lukoil” şirkəti isə Xəzərin Rusiya sektorunda reytinqin lideri seçilib.

    "Caspian Energy" jurnalının 100-cü nömrəsinin nəşri və "Caspian European Club"un 15 illik yubileyi ilə əlaqədar jurnalın bu nömrəsində Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç və Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin müraciəti və təbriki dərc edilib.

    Bundan əlavə, "Caspian Energy" jurnalında Azərbaycan energetika naziri Natiq Əliyevin, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sədri Vladimir Bekkerin, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun eksklüziv müsahibələri, həmçinin “Caspian Oil & Gas” sərgi və konfransının materialları, SOCAR-ın biznes portfelinin diversifikasiyası haqda məqalə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun müsahibəsi və KQİ (Kompleks Qazma İşləri) Trestinin, SOCAR-ın Nəqliyyat İdarəsinin və Bilgah Beach Hotel-in fəaliyyəti barədə materiallar yer alıb.

    “Caspian Energy” dünyanın 50 ölkəsində yayılır. 18 ildir ki, jurnalda MDB və Aİ dövlətlərinin prezident və baş nazirlərinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları çap olunur.

    Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rolunu oynayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi